Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Xarici nümayiş, yoxsa seçki hesabı: İrəvan sammitinin siyasi qiyməti” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bir sıra qiymətləndirmələrə görə, indiki hakimiyyət ictimai rəyə təsir göstərmək və öz mövqelərini möhkəmləndirmək üçün beynəlxalq amillərdən maksimum istifadə etməyə çalışır.
“Bu kontekstdə mayın əvvəlində İrəvanda keçirilməsi planlaşdırılan yüksəksəviyyəli sammit xüsusi diqqət çəkir. Siyasi baxımdan bu tədbir təkcə diplomatik deyil, həm də daxili istifadə alətinə çevrilə bilər.
Tədbirin keçirilməsinə sayılı günlər qalsa da, müddət yaxınlaşdıqca qeyri-müəyyənliklər daha aydın görünür. Xüsusilə, Avropanın bütün ölkələrinin tamhüquqlu iştirak edib-etməyəcəyi və hansı səviyyədə təmsil olunacağı məsələsi hələ də açıq qalır. Ekspert dairələrində belə bir fikir yayılıb ki, seçkilər ərəfəsində belə tədbirin təşkili seçki əhval-ruhiyyəsinə birbaşa təsir göstərə və xarici dəstək almış hakimiyyət obrazı yarada bilər.
Eyni zamanda, xarici dayaqlara həddən artıq böyük ümid bağlamaq cəhdi Ermənistanın siyasi tarixində artıq ziddiyyətli nəticələr doğurub. Bu gün də ölkə daxilində gərginliyin və ziddiyyətlərin artdığı bir vaxtda belə yanaşma mövqeləri möhkəmləndirmək əvəzinə, etimad böhranını daha da dərinləşdirə bilər. Son aylarda qeydə alınan proseslər, o cümlədən hakimiyyətin tətbiq etdiyi sərt üsullar artıq beynəlxalq tərəfdaşların diqqət mərkəzinə düşüb və demokratik meyarların qorunması ilə bağlı müəyyən narahatlıqlar yaradıb”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, bu fonda Avropanın siyasi məntiqi də vacibdir.
“Avropalı liderlər öz daxili təcrübələrini və seçki proseslərinə həssas münasibətlərini nəzərə alaraq, başqa ölkələrin daxili siyasi həyatına müdaxilə kimi qəbul oluna biləcək vəziyyətlərdən yayınırlar. Bu amil də iştirak səviyyəsinə və ümumi siyasi mesajlara təsir göstərə bilər.
Seçkiqabağı mərhələdə belə hadisələrin təsirini şişirtmək çətindir. Onlar həm müsbət, həm də mənfi gözləntilər formalaşdıra bilər. Bu isə təkcə tədbirin məzmunundan deyil, həm ölkə daxilinə, həm də xarici aləmə ünvanlanacaq mesajlardan asılı olacaq. Lakin aydındır ki, xüsusilə daxili etimad səviyyəsi aşağı düşdükdə, istənilən xarici amilə əsaslanan siyasi hesabın öz sərhədləri var.
İrəvanda gözlənilən sammit, müxtəlif qiymətləndirmələrə görə, təkcə qısamüddətli siyasi təsir deyil, həm də uzunmüddətli nəticələr doğura bilər. Xarici siyasətdə tarazlığın pozulması baş verərsə, bunun təsiri ilk növbədə iqtisadiyyatda hiss olunacaq, ticarət əlaqələrinə, investisiya mühitinə və sosial vəziyyətə təsir göstərəcək. Belə şəraitdə yaranan problemlərin aradan qaldırılması isə aylarla deyil, illərlə vaxt tələb edir.
Mövcud vəziyyət göstərir ki, xarici və daxili siyasətin kəsişməsində qəbul edilən qərarlar maksimum ehtiyatlılıq tələb edir. Əks halda, bu qərarların qiymətini siyasi qüvvə deyil, sosial-iqtisadi rifahı ilə cəmiyyət ödəyə bilər”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az