“Ermənistan Avropanın ona Rusiyadan daha artığını təklif edəcəyini düşünməklə ciddi səhv edər” - Aymerik Şoprod

2026/04/1776924290.jpg
Oxunub: 385     14:29     23 Aprel 2026    
“Gəlin əvvəlcə seçkilər zamanı Macarıstanda nə baş verdiyini anlayaq”.

Ordu.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, fransız yazıçı, Avropa Parlamentinin keçmiş deputatı Aymerik Şoprod deyib.

“Avropa İttifaqı Viktor Orbanın məğlubiyyətini təmin etmək məqsədilə Peter Macara açıq şəkildə dəstək verdi, çünki Orban Avropa Komissiyasının bir nömrəli düşmənidir. Görünür, bu əməliyyat uğurlu oldu, çünki nəticədə Peter Macar seçildi. Bununla belə, bir addım geri atmalı və Macarın niyə seçildiyini anlamağa çalışmalıyıq. Görünür, o, seçildikdən sonra çox tez Avropa İttifaqından uzaqlaşdı və Orbanın siyasi xəttinə qayıtdı. Unutmamalıyıq ki, Macar yaxın vaxtadək həmin partiyanın üzvü idi. Ola bilər ki, o, sadəcə Avropa İttifaqı ilə oyun oynayıb. Ola bilər ki, Orban özü 16 il hakimiyyətdə olduqdan sonra mövqelərinin sarsıldığını anlayırdı və siyasi rəhbərliyin dəyişməsinə ehtiyac olduğunu düşünürdü. Bu halda istisna etmirəm ki, Orban Macarla gizli razılaşma bağlamış olsun. Ermənistana gəlincə, Avropa İttifaqının eyni istəyi açıq şəkildə görünür: NATO meylli və Rusiyaya qarşı düşmən münasibətdə olan namizədləri dəstəkləmək. Böyük ehtimalla, Avropa İttifaqı Ermənistandakı indiki baş naziri dəstəkləyir ki, Avropa İttifaqının iri qaz təchizatçısı Azərbaycanı sakitləşdirsin və çoxqütblü siyasətin tərəfdarı olan istənilən namizədə qarşı mübarizə aparsın”, - deyə o qeyd edib.

Şoprod “Mayın əvvəlində Ermənistanda Avropa ölkələrinin rəhbərləri toplaşacaqlar. Çox güman ki, onlar anti-Rusiya və Ukrayna yönlü məzmunlu çıxışlar edəcəklər. Bu, erməni-rus münasibətlərinə necə təsir göstərəcək?” sualına cavab verərək deyib:

“Aydındır ki, əgər indiki Ermənistan baş naziri ölkəsini təbii geosiyasi və tarixi tərəfdaşı olan Rusiyadan uzaqlaşdırdığını açıq şəkildə bəyan etsə, Rusiya bunu pis qarşılayacaq. Gəlin obyektiv və ayıq düşünək. Ermənistanın Rusiyaya ehtiyacı Rusiyanın Ermənistana ehtiyacından daha çoxdur, necə ki, mənim qənaətimə görə Avropanın Rusiyaya ehtiyacı Rusiyanın Avropaya ehtiyacından daha çoxdur. Dediklərimi faktlarla əsaslandırmağa çalışım. Rusiyaya qarşı sanksiyalar tətbiq olunandan, Avropa ilə Rusiya arasında parçalanma yaranandan etibarən Rusiyanın ÜDM-i artıb, Asiya ilə tərəfdaşlığı da nəzərəçarpacaq dərəcədə genişlənib. Bunun əksinə olaraq, Avropanın iqtisadi vəziyyəti pisləşib, çünki Avropa İttifaqı ucuz enerjiyə çıxışını itirib. Üstəlik, vəziyyət ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə səbəbindən daha da ağırlaşıb. Buna görə də düşünürəm ki, Ermənistan Avropanın ona Rusiyadan daha artığını təklif edəcəyini düşünməklə ciddi səhv edər. Rusiya və İran Ermənistan üçün iki mühüm iqtisadi və geosiyasi tərəfdaşdır”.

O, “Sizcə, Putin-Paşinyan görüşü nə barədə idi, Rusiya indi Ermənistana necə baxır və əgər Paşinyan bu geosiyasi istiqaməti davam etdirsə, hansı vəziyyət yaranacaq?” sualına cavab verərək deyib:

“Ermənistan Rusiya üçün həm sivilizasiya, həm də xristianlıq baxımından təbii müttəfiqdir. Bu, fundamental məqamdır. Doğrudur, son illərdə Rusiya İrəvanla Bakı arasında tarazlıq yaratmağa nail olub, lakin bunu əsasən ona görə edib ki, Moskva Azərbaycanın tam şəkildə NATO-ya yönəlməsinə imkan vermək istəmirdi. Amma Rusiyanın Qafqazda əsas təbii tərəfdaşı Ermənistandır. Rusiyanın Gürcüstan, sonra Ermənistan və İran vasitəsilə Yaxın Şərqə çıxan geosiyasi təsiri üstün geosiyasi əhəmiyyət daşıyır. Moskva anlayıb ki, ABŞ-Avropa geosiyasətinin məqsədi bu şimal-cənub oxunu qırmaq və Rusiyanı Yaxın Şərqdən təcrid etməkdir. Əgər baş nazir Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırsa, Ermənistan bunun ağır iqtisadi və geosiyasi əvəzini ödəyəcək. Ermənistan Avropa İttifaqından nə müdafiə, nə də üstünlük əldə edəcək. Üstəlik, Avropa İttifaqının artıq bunu təklif etmək üçün resursları yoxdur və sadəcə boş vədlər verir. Halbuki Ermənistan Rusiyanın verdiyi imtiyazları itirəcək. Bu, böyük səhv olar və Ermənistana yalnız əlavə çox ciddi iqtisadi problemlər və təhlükəsizlik sahəsində yeni-yeni çətinliklər gətirər”.

Avropa Parlamentinin keçmiş deputatı “Ermənistanda baş verənləri izləyirsinizmi? Siyasi təqiblər və repressiyalar demokratiya çərçivəsinə sığa bilərmi?” sualına belə cavab verib: “Ermənistandan mənə çatan məlumatlara görə, Paşinyan rejimi dövründə demokratiya təhlükə altındadır. Müxalifətçi Samvel Karapetyan bir neçə aydır ev dustaqlığındadır, onun yaratdığı “Güclü Ermənistan” partiyasının fəalları isə təqiblərə məruz qalırlar, son vaxtlar həbslər də olub. Təəssüf ki, qanunun aliliyinin bu cür pozuntuları Brüsseldə, Avropa Komissiyasının yerləşdiyi mərkəzdə pislənilmir. Avropa İttifaqı susur. Paşinyan onların namizədidir və nəticə etibarilə erməni demokratiyası artıq onlar üçün əhəmiyyət daşımır”.

O, “Ermənistanın dövlət kimi yaşamaq şansı olması üçün iyunun 7-də parlament seçkilərində kim qalib gəlməlidir?” sualına cavab verərək deyib:

“Bu məsələdə aydın olmalıyıq. Mən artıq əmin deyiləm ki, iyunun 7-də Ermənistanda real parlament seçkiləri keçirmək mümkün olacaq. Təzyiqlər güclənir, həbslər baş verir. Artıq sual yaranır ki, “Güclü Ermənistan”a və onun nümayəndələrinə bu seçkilərdə iştirak etməyə icazə veriləcəkmi? Bunu yaxın həftələrdə biləcəyik, lakin vəziyyət çox narahatedicidir. Bununla belə, əgər seçki şərtləri ədalətli olsa, mənə elə gəlir ki, Ermənistanın maraqları baxımından Samvel Karapetyanı dəstəkləmək lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoprod   Ermənistan  


Bizi "telegram"da izləyin