ABŞ Hərbi Hava Qüvvələri pilotunun hazırlanması bahalı prosesdir. Bir pilot namizədinin hazırlığını başa çatdırmaq üçün platformadan asılı olaraq 1,1 milyon dollardan 13 milyon dollara qədər vəsait tələb olunur, bu isə pilotların cəlb olunması və hazırlanmasını ABŞ ordusunda ən bahalı kadr hazırlığı proseslərindən birinə çevirir. Xərclər təyyarə, yanacaq, təlimatçılar və vaxt amilləri ilə müəyyən olunur.
Hər bir mülki həvəskar pilotun təsdiqləyə biləcəyi kimi, uçuş ucuz deyil, səsdən sürətli qırıcı təyyarənin qiyməti isə mülki “Cessna” və ya “Beechcraft” təyyarələrindən qat-qat yüksəkdir. Küçədən gələn bir şəxsi dünyanın ən mürəkkəb təyyarələrini idarə etməyə, çətin missiyalar yerinə yetirməyə və hava döyüşündə rəqib ölkələrin pilotlarını məğlub etməyə öyrətmək son dərəcə bahalıdır.
Buna baxmayaraq, pilot hazırlığına qənaət etmək səhv yanaşma olardı, çünki pilotların idarə etdiyi təyyarələrin qiyməti astronomikdir. Nəticə etibarilə pilotlar sadəcə hərbi personal deyil, ABŞ hava gücünə strateji sərmayədir və Hərbi Hava Qüvvələri hesab edir ki, pilotların bu gün yüksək standartlarla hazırlanması gələcək missiyalarda uğur şansını artırır.
Fərqli təyyarələr üçün hazırlıq xərcləri fərqlidir
Pilot hazırlığının dəyərini qiymətləndirmək çətindir, çünki bir çox amil mövcuddur. 2019-cu ildə “Rand Corporation” hesabatında müxtəlif hərbi təyyarələr üçün pilot hazırlığı xərcləri göstərilib. İnflyasiya nəzərə alınmaqla, ən bahalı pilot hazırlığı tələb edən təyyarələr bunlardır:
F-22 “Raptor” (hər pilot üçün 13,15 milyon dollar)
F-35A “Lightning II” (hər pilot üçün 12,27 milyon dollar)
F-15C “Eagle” (hər pilot üçün 11,14 milyon dollar)
ABŞ qırıcı parkının əsasını təşkil edən F-16 “Fighting Falcon” üçün bu rəqəm daha “məqbul” hesab olunur: 6,78 milyon dollar.
Bombardmançı pilotunun hazırlanması da bahalıdır. Ən bahalı bombardmançı təyyarələr bunlardır:
B-2 “Spirit” (hər pilot üçün 11,94 milyon dollar)
B-52 “Stratofortress” (hər pilot üçün 11,69 milyon dollar)
B-1 “Lancer” (hər pilot üçün 8,86 milyon dollar)
Gələcək B-21 “Raider” altıncı nəsil bombardmançısı üçün hazırlıq xərcləri hələ açıqlanmayıb, lakin B-2 “Spirit” ilə eyni səviyyədə olacağı ehtimal edilir.
Nəqliyyat və mobil platformalarda xərclər daha aşağıdır:
C-130J “Hercules” pilotunun hazırlanması 2,99 milyon dollar,
C-17 “Globemaster III” üçün 1,32 milyon dollar,
C-5 “Galaxy” üçün isə 1,69 milyon dollar tələb olunur.
Təkrarlanan bir tendensiya var: təyyarə nə qədər sadədirsə, hazırlıq xərci bir o qədər ucuzdur.
Saatlıq uçuş xərcləri sürətlə toplanır
Bəzi təyyarələr saatlıq istismar xərcləri yüksək olduğu üçün xüsusilə bahalıdır. Məsələn, F-22” üçün bir saatlıq uçuş 85.000 dollara başa gəlir; ehtiyat hissələri daha çox olan F-35 üçün isə bu rəqəm təxminən 40.000 dollardır.
Bununla belə, bunlar ən bahalı təyyarələr deyil. Kiçik sayda olan B-2 “Spirit” bombardmançıları saatda təxminən 130.000 dollara başa gəlir. B-2 təlim uçuşları uzun çəkə bilər. Məsələn, İran əleyhinə son əməliyyatlara bənzər bir B-2 uçuşu 35 saat davam edə bilər və yanacaq doldurma təyyarələri və qlobal logistika daxil olmaqla, hər uçuş üçün 10 milyon dollardan çox əlavə xərc yarada bilər.
Pilotları daha inkişaf etmiş təyyarələrə hazırlamaq üçün istifadə olunan təlim təyyarələri də mülki sektorla müqayisədə bahalıdır. T-6 “Texan II” turboprop təlim təyyarəsi saatda təxminən 2.235 dollar, T-38 “Talon” təlim reaktiv təyyarəsi isə saatda demək olar ki, 10.000 dollar tələb edir.
Müqayisə üçün, mülki “Cessna 172” təyyarəsində uçuş dərsi saatda təxminən 150 dollara başa gələ bilər.
Təyyarə bahalaşdıqca müəllim də bahalaşır
Hərbi səviyyədə təlimatçılar da bahadır, orta maaş ildə 103.000 dollara çatır. Simulyatorlar real uçuşdan ucuzdur, lakin onlar da saatda minlərlə dollara başa gəlir. Kursantların yerləşdirilməsi də əlavə xərcdir. Nəticədə hər təlim saatı minlərlə dollar sərf edir.
ABŞ Hərbi Hava Qüvvələrinin pilotu çoxmilyonlu aktiv sayılır və onu əvəzləmək baha başa gəlir. Buna görə qırıcı pilotları üçün saxlanma bonusları yüz minlərlə dollar təşkil edə bilər, çünki mövcud pilotu saxlamaq yenisini hazırlamaqdan ucuzdur. Pilotun itirilməsi həm maliyyə, həm də əməliyyat baxımından zərbədir. Müasir müharibədə pilotların sayı azaldığı üçün hər pilotun dəyəri daha da artır.
Pilot hazırlığı xərclərinin artması ABŞ Hərbi Hava Qüvvələrinə pilotu kokpitdən tam çıxarmaq üçün təzyiq yaradır. Yaxın gələcəkdə bu ehtimal azdır, lakin pilotlar getdikcə əlavə pilotlarla deyil, “loyal wingman” pilotsuz uçuş aparatları və yerüstü dəstək vasitələri ilə tamamlanacaq.
Dəyanət Ağalarlı
Ordu.az