Vladimir Zelenski proqnozlaşdırıb ki, Belarus Rusiyanın tərəfində müharibəyə cəlb olunmağa hazırlıq görür. O, Ukraynanın sərhədlərini müdafiə etməyə hazır olduğunu vurğulayıb. Ukrayna Prezidenti xəbərdarlıq edib ki, Belarusda “Venesuela nümunəsi” təkrarlana bilər. “RIA Novosti” Zelenskinin “Telegram” paylaşımını “Belarusa qarşı təhdid” kimi qiymətləndirib.
Bu kontekstdə Belarus Prezidentinin Qərbin postsovet ölkələrini “Rusiyaya qarşı təhrik etməsi” və “Volodya Zelenskinin bundan xəbərdar olması” barədə fikirləri kifayət qədər ikimənalı görünür. Aleksandr Lukaşenko öz ölkəsi ərazisindən Ukraynaya qarşı ikinci cəbhə açılması barədə Vladimir Zelenskinin bəyanatına nəinki etiraz etməyib, hətta buna toxunmayıb.
Bunun əvəzinə Lukaşenko ABŞ ilə danışıqları şərh edib və bildirib ki, xalqın maraqlarına uyğun olduğu üçün çoxvektorlu xarici siyasət aparmağa məcburdur. Belarus Prezidenti bəyan edib ki, hansı danışıqlar olursa-olsun, o anlayır ki, Qərbin “it payı” deyil. “Onlar məni çeynəməyə və tüpürməyə hazırdırlar, mən bunu yaxşı anlayıram”, - deyə Lukaşenko bildirib.
Məşhur “bəli, o, it payıdır, amma bizim it payımızdır” ifadəsi ənənəvi olaraq ABŞ Prezidenti Franklin Delano Ruzveltə aid edilir və onun bunu Anastasio Somosa Qarsia haqqında dediyi bildirilir. Lukaşenko faktiki olaraq açıq şəkildə bildirib ki, ABŞ ilə danışıqlar aparır və əmindir ki, Donald Tramp üçün özü “çeynənib tüpürüləcək məhsuldur”, amma buna məcburdur.
Bu bəyanatla Lukaşenkonun Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qoşulma ehtimalını istisna etdiyini qəti şəkildə demək çətindir, lakin konkret vəziyyətdə onun sözlərindən belə nəticə çıxarmaq olar. Daha əvvəl mətbuatda ilin sonunadək Lukaşenkonun Vaşinqtona səfər edəcəyi və onu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın qəbul edəcəyi barədə məlumat yayılmışdı. Lukaşenkonun “səmimiləşməsi” ərəfəsində isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin-Donald Tramp görüşü “hələlik planlaşdırılmır”.
Asif Cəfərov
Ordu.az