Ordu.az xəbər verir ki, sistem 250 min dollarlıq həllərə alternativ ola bilər.
Mərakeşli elektronika mühəndisi Navfal Motii tərəfindən hazırlanan və tamamilə açıq mənbə olaraq yayımlanan “Aeris-10” radar sistemi müdafiə və qabaqcıl elektron texnologiyalar sahəsində diqqət çəkən layihəyə çevrilib.
“GitHub” üzərindən bütün dizayn faylları ilə açıq edilən sistemin bazardakı bəzi kommersiya radar həlləri ilə müqayisədə təxminən 95 faiz daha aşağı qiymətlə oxşar qabiliyyətlər təqdim etdiyi bildirilir. Sektorda bəzi peşəkar fazalı radar sistemlərinin 120 min ilə 200 min dollar və daha yüksək qiymətlə satıldığı məlumdur.
20 kilometrə uzanan mənzil
“Aeris-10” iki fərqli modeldə hazırlanıb. Daha əsas versiya olan “10N Nexus” modeli 3 kilometrə qədər aşkarlama edə bildiyi halda, inkişaf etmiş versiya “10E Extended” 20 kilometrə qədər mənzil təqdim edir. Bu sayədə sistem həm qısa, həm də orta məsafəli istifadə ssenarilərinə cavab verir.
Radarın ən diqqət çəkən xüsusiyyətlərindən biri müxtəlif istiqamətlər üzrə tarama apara bilməsidir. Sistem həm üfüqi, həm də şaquli ox üzrə müəyyən bucaqlar arasında hərəkət edərək ətrafı taraya bilir. Bu da onu daha çevik və istifadəyə yararlı edir.
“Aeris-10”un nüvəsində XCA7A50T FPGA yer alır. Bu bölmə radarın əsas hesablama yükünü daşıyaraq FFT əməliyyatları, Hərəkətli Hədəf Göstəricisi (MTI) funksiyaları, “Doppler” təsiri ilə sürət təxmini və CFAR yanlış siqnal nəzarət mexanizmini idarə edir.
Sistemin idarəetmə onurğasını isə “STM32F746xx” mikrodenetleyicisi təşkil edir. Bu struktur tezlik sintezatorları, ADC və DAC bölmələri, GPS modulu, barometr, “step” mühərriklər və soyutma sisteminin koordinasiyasına cavabdehdir. Bu inteqrə olunmuş arxitektura radarın həm avadanlıq, həm də proqram təminatı qatında sinxron işləməsini təmin edir.
Daha sadə ifadə ilə “Aeris-10”un içindəki elektron sistemlər yalnız obyektləri aşkarlamır, eyni zamanda hərəkət edən hədəfləri ayırd edə bilir və onların sürətini təxmin edir. Bu xüsusiyyət xüsusilə avtomobillər və ya pilotsuz uçuş aparatları kimi hərəkətli obyektlərin izlənməsində mühüm üstünlük yaradır.
Açıq mənbə yanaşması
Motii “Aeris-10”un bütün dizayn prosesini açıq mənbə kimi “GitHub” üzərində paylaşıb. Paylaşılan paketdə sxemlər, PCB yerləşimləri, komponent siyahıları, firmware və proqram kodları ilə yanaşı sistemi idarə etməyə və izləməyə yarayan qrafik interfeys (GUI) də mövcuddur. Layihə əvvəlcə MIT lisenziyası ilə paylaşılsa da, daha sonra avadanlıq layihələri üçün daha geniş qoruma təqdim etdiyi bildirilən CERN-OHL-PT lisenziyasına keçirilib.
Layihənin komponent xərcləri də diqqət çəkir. Paylaşılan məlumatlara görə “10N Nexus” modeli təxminən 5.000 dollar, daha inkişaf etmiş “10E Extended” versiyası isə təxminən 7.200 dollar səviyyəsində material siyahısına malikdir. Buna qarşılıq oxşar qabiliyyətli kommersiya fazalı radar sistemlərinin çox daha yüksək qiymətlərə çatdığı məlumdur.
Digər tərəfdən Motii bildirib ki, hərbi artıq radar sistemləri 10 min ilə 50 min dollar aralığında tapıla bilir, lakin bu cihazların əksəriyyəti köhnə texnologiyaya əsaslanır və ehtiyat hissələrinə çıxış ciddi problem yaradır.
Bununla yanaşı “Aeris-10”un yalnız fərdi inkişaf etdiricilərə deyil, daha geniş istehsal proseslərinə açılması da hədəflənir. Motiinin layihəni “Crowd Supply” platforması üzərindən 2026-cı ilin üçüncü rübündə bazara çıxarmaq üçün razılıq əldə etdiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az