Ordu.az xəbər verir ki, Berlində keçirilən görüşlər çərçivəsində açıqlanan bu razılaşmaların Avropa miqyasında ən böyük pilotsuz uçuş aparatı istehsal təşəbbüslərindən biri ola biləcəyi qiymətləndirilir.
Almaniya kansleri Fridrix Merts ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında imzalanan sənədlər iki ölkə arasında müdafiə əməkdaşlığının miqyasını genişləndirir və Ukraynanın müdafiə sənayesinin artan rolunu nümayiş etdirir.
Ortaq müəssisə modeli ilə minlərlə pilotsuz uçuş aparatı istehsal olunacaq
Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, tərəflər arasında yaradılacaq ortaq müəssisə vasitəsilə Ukrayna ordusu üçün minlərlə pilotsuz uçuş aparatı istehsalı və təhvil planlaşdırılır.
Ukrayna prezidenti Zelenski razılaşmanın miqyası ilə bağlı belə deyib: “Almaniya bizim mühüm tərəfdaşımızdır. Bu sahədə Avropada ən böyük, hətta ən böyük razılaşmalardan birinə nail olacağımıza inanıram”.
Razılaşmanın texniki əhatə dairəsi və istehsal detalları isə iki ölkənin müvafiq qrupları tərəfindən aparılan işlər nəticəsində dəqiqləşdirilir.
Almaniya Ukraynaya dəstəyini davam etdirir
Almaniya Rusiyanın 2022-ci ildə başladığı müharibədən sonra Ukraynaya ən çox hərbi dəstək göstərən Avropa ölkələri sırasındadır. Berlin rəhbərliyi indiyədək təxminən 55 milyard avro həcmində hərbi yardım göstərib, hazırkı büdcədə isə əlavə 11,5 milyard avro vəsait ayırıb.
Bu çərçivədə Almaniyanın ABŞ-nin “Raytheon” şirkəti tərəfindən istehsal olunan “Patriot” hava hücumundan müdafiə raketləri və Almaniyanın “Diehl Defence” şirkətinin istehsalı olan IRIS-T hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni təhvil planları da gündəmdədir.
Ukrayna müdafiə sənayesi sürətlə inkişaf edib
Kansler Merts Berlində keçirilən mətbuat konfransında Ukraynanın müdafiə sənayesindəki inkişafı belə qiymətləndirib: “Heç bir müdafiə sənayesi Ukraynanınkı qədər sürətli innovasiya nümayiş etdirməyib. Verdiyimiz dəstəklə həm Almaniyanın, həm də Avropanın müdafiə qabiliyyətlərini və sənaye infrastrukturunu gücləndiririk”.
Dərin zərbə qabiliyyətlərinə investisiya qərarı
Razılaşmalar çərçivəsində Almaniyanın Ukraynanın uzaqmənzilli zərbə imkanlarını inkişaf etdirmək üçün yüz milyonlarla avro həcmində investisiya edəcəyi də açıqlanıb.
Bu investisiyanın xüsusilə cəbhə arxasındakı hədəflərə qarşı dəqiq zərbə imkanlarının artırılması və əməliyyat elastikliyinin gücləndirilməsi baxımından kritik rol oynayacağı qeyd olunur.
Avropanın rolu vurğulanıb
Merts müharibənin başa çatdırılması ilə bağlı diplomatik prosesə dair açıqlamasında Avropanın mümkün razılaşmada “əvəzolunmaz” aktor olduğunu bildirib.
Yeni təhlükəsizlik müşavirləri görüşünün planlaşdırıldığını qeyd edən Merts prosesə ABŞ-nin də dəvət ediləcəyini və çoxtərəfli həll axtarışının davam etdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az