Macarıstan Parkı Tamamlandı: “Gripen” qırıcılarının Yeni Hədəfi Latın Amerikası və Asiyadır

2026/06/1782504586.jpg
Oxunub: 213     00:08     27 İyun 2026    
Macarıstana satışlar başa çatsa da, İsveçin “Saab” şirkəti istehsal etdiyi “Gripen” qırıcıları üçün Asiya və Latın Amerikasında sürətlə genişlənən bazarla qarşılaşır.

NATO üzvü olan Macarıstan İsveç istehsalı olan son iki çoxməqsədli reaktiv qırıcısını qəbul edib. “Gripen” qırıcılarının istehsalçısı olan “Saab” aerokosmik və müdafiə şirkəti bu həftə son iki təyyarənin Macarıstanın Keçkemet aviabazasına çatdığını açıqlayıb. Bununla da İsveç Müdafiə Materialları Administrasiyası (FMV) ilə Macarıstan Müdafiə Nazirliyi arasında 2024-cü il yanvar ayında yekunlaşdırılan müqavilə tam yerinə yetirilib.

“Artıq 20 ildir “Gripen” qırıcılarından istifadə edən Macarıstan Hərbi Hava Qüvvələri ilə qürur duyuruq. Dəstək və texniki xidmət müqaviləsi sayəsində Macarıstanın “Gripen” parkı yüksək döyüş hazırlığını qoruyacaq və qarşıdakı ən azı 10 il ərzində bütün tapşırıqları yerinə yetirmək üçün davamlı şəkildə modernləşdiriləcək”, - deyə “Saab” şirkətinin vitse-prezidenti və Aeronavtika biznes sahəsinin rəhbəri Lars Tossman bildirib.

Bu təhvil ilə Macarıstan Hərbi Hava Qüvvələrinin (HuAF) arsenalında artıq 16 ədəd biryerlik “Gripen C” və iki ədəd ikiyerlik “Gripen D” təyyarəsi var. Bu qırıcılar Macarıstanın hava məkanının müdafiəsini təmin edəcək və NATO missiyalarına dəstək məqsədilə istifadə olunacaq.

Beynəlxalq hərbi analitik şirkəti “Janes”in məlumatına görə, “Gripen C” təyyarələri ən son MS20 “Block 2” standartına uyğunlaşdırılıb və “HuAF”ın mövcud parkına inteqrasiya edilib”. Qırıcı “Saab PS-05/A Mk4” radarı ilə təchiz olunub. Bu radar “hava-hava” hədəflərinin aşkarlanması və izlənilməsi məsafəsini, eləcə də ümumi döyüş imkanlarını artırır. Bundan əlavə, təyyarələr yeni “Link 16” məlumat mübadiləsi sistemi ilə də təchiz edilib.

Yeni qırıcılar həmçinin NATO-nun “Mode 5” standartına uyğun “dost-düşmən” (IFF) tanıma sistemi ilə təchiz olunub.

JAS 39 “Gripen” haqqında

İstismara qəbul edilməsi:
1996-cı il (A versiyası)
2019-cu il (E versiyası)

İstehsal edilən sayı:
Təxminən 300 ədəd

Uzunluğu:
14,9 metr (JAS 39C/E)
15,6 metr (JAS 39D/F)

Qanad açılımı:
Təxminən 8,4 metr

Maksimum uçuş kütləsi (MTOW):
14 000 kiloqram

Mühərrik:
Bir ədəd GE F414G “afterburner”li turbofan mühərriki (E/F versiyaları)

Maksimum sürət:
Saatda 2100 kilometr (Mach 2)

Uçuş məsafəsi:
800 kilometr

Praktiki uçuş hündürlüyü:
15 240 metr

Silahlanması:
27 mm çaplı “Mauser BK-27” topu (ikiyerlik versiyalarda yoxdur), AIM-9 “Sidewinder” kimi “hava-hava” raketləri, AGM-65 “Maverick” kimi “hava-yer” raketləri və RBS-15 gəmi əleyhinə raketləri.

Ekipaj:
Versiyadan asılı olaraq 1 və ya 2 nəfər.


Hazırda İsveç Hərbi Hava Qüvvələri 100 ədəd JAS 39 “Gripen C/D” qırıcısından istifadə edir. Onların ən köhnəsi 23 ildən artıq, ən yenisi isə 11 il əvvəl silahlanmaya qəbul edilib. NATO ilə qarşılıqlı fəaliyyət imkanlarını və əməliyyat qabiliyyətini artırmaq məqsədilə hazırlanan “Gripen C” ilk dəfə 2005-ci ildə istifadəyə verilib.

“Gripen” ailəsinin ən yeni versiyası olan “Gripen E” ilk dəfə 2019-cu il dekabr ayında təqdim olunub və ötən il İsveç Hərbi Hava Qüvvələrinin döyüş xidmətinə rəsmi şəkildə qəbul edilib.

Bu ilin əvvəlində GKN “Aerospace” şirkəti “Gripen C/D” qırıcıları üçün modernləşdirilmiş ilk RM12EP (Enhanced Performance) mühərrikini təhvil verib. Şirkətin məlumatına görə, “General Electric F404” turbofan mühərriki əsasında hazırlanmış əvvəlki “Volvo Aero” RM12 mühərrikini əvəz edəcək yeni güc qurğusu təkmilləşdirilmiş turbin komponentləri və yenilənmiş idarəetmə proqram təminatı ilə təchiz olunub. Bu yenilik mühərrikin performansını artırır, dartı qüvvəsini yüksəldir, istismar müddətini uzadır və həyat dövrü üzrə xərci azaldır.

Hazırda Macarıstan Hərbi Hava Qüvvələrinin “Gripen C/D” qırıcıları yeni mühərriklərlə modernləşdirilir. Bütün donanma yeni mühərriklərlə təchiz olunana qədər bu iş davam edəcək.

“Gripen” beynəlxalq müştərilər qazanır

İsveç və Macarıstandan əlavə, “Gripen” hazırda Çexiya, Cənubi Afrika Respublikası və Tailandın silahlanmasındadır. Təyyarə Latın Amerikasında da böyük maraq qazanıb. Belə ki, Braziliya, Kolumbiya və Peru ən son “Gripen E/F” versiyaları üçün sifariş veriblər.

“Gripen”in əsas üstünlükləri aşağı istismar xərci, həm hava döyüşləri, həm də yerüstü hədəflərə qarşı əməliyyatları yerinə yetirə bilən çoxməqsədli imkanları və müxtəlif qabaqcıl sursatlardan istifadə qabiliyyətidir. Təyyarə müvəqqəti uçuş-eniş zolağına çevrilmiş uzaq avtomobil yolları da daxil olmaqla, məhdud imkanlara malik meydançalarda fəaliyyət göstərə bilir. Gücləndirilmiş eniş şassisi gövdəni yerdən daha yüksəkdə saxlayır və bunun sayəsində yad cisimlərin mühərrikin hava girişinə düşməsinin qarşısını alır.

“Gripen”in Latın Amerikasında uğur qazanmasının digər səbəblərindən biri də “Saab” şirkətinin Braziliyanın “Embraer” aerokosmik şirkəti ilə tərəfdaşlığıdır. Bu ilin əvvəlində San-Pauludakı “Embraer” müəssisəsində ilk “F-39E Gripen” qırıcısının istehsalı başa çatdırılıb.

Sevinc Əliyea
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Gripen   Təyyarə  


Bizi "telegram"da izləyin