Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilib ki, razılaşma Ukraynanın ballistik və qanadlı raketlər, eləcə də hava vasitələrindən qaynaqlanan təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirməyi hədəfləyir.
Müqavilənin əhatə dairəsi və təhvil
Müqavilə çərçivəsində təhvil veriləcək “Guidance Enhanced Missile-Tactical” (GEM-T) önləyici raketləri “Patriot” hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biri kimi seçilir.
Açıqlamada qeyd olunub ki, bu raketlər taktiki ballistik raketlər, qanadlı raketlər və pilotlu hava vasitələrinə qarşı effektiv şəkildə istifadə oluna bilir, lakin təhvil qrafiki ilə bağlı hər hansı detal paylaşılmayıb.
Almaniyadakı istehsal infrastrukturu prosesi dəstəkləyəcək
İstehsal fəaliyyətlərində Almaniyanın Şrobenhauzen şəhərində yerləşən müəssisənin əsas rol oynayacağı bildirilib. Sözügedən müəssisə COMLOG tərəfindən idarə olunur.
Qeyd olunub ki, yeni istehsal xətti həm bu müqaviləni, həm də gələcəkdə veriləcək əlavə sifarişləri dəstəkləyəcək şəkildə qurulub. Həmçinin bu imkanın Ukraynanın mövcud önləyici raket ehtiyatlarının yenilənməsinə töhfə verəcəyi vurğulanıb.
Raytheon istehsal gücünü artırmağı hədəfləyir
“Raytheon” Hava və Raketdən Müdafiə Sistemləri üzrə prezidenti Fil Casper müqavilə ilə bağlı belə deyib:
“Raytheon” olaraq istehsal gücümüzü maksimum səviyyəyə çatdırmağa fokuslanırıq. ABŞ və Ukrayna kimi müttəfiqlərin vətəndaşlarını, infrastrukturunu və suverenliyini qorumaq üçün güvəndiyi, döyüş meydanında özünü sübut etmiş bu sistemlərin etibarlı şəkildə təhvil verilməsini təmin etmək bizim prioritetimizdir”.
Casper həmçinin artan qlobal tələbat fonunda GEM-T istehsalının artırılması üçün genişmiqyaslı investisiyalar edildiyini bildirib.
GEM-T raketinin texniki xüsusiyyətləri və rolu
GEM-T önləyici raketi “Patriot Advanced Capability-2” (PAC-2) ailəsinin təkmilləşdirilmiş versiyası kimi istifadə olunur.
PAC-3 önləyicilərindən fərqli olaraq “hit-to-kill” prinsipinə əsaslanmayan sistem geniş hava təhdidləri spektrinə qarşı nişanalma həyata keçirə biləcək şəkildə layihələndirilib. Təkmilləşdirilmiş yönləndirmə və partlayıcı başlıq sistemləri sayəsində xüsusilə yüksək manevr qabiliyyətinə malik və aşağı hündürlükdə uçan hədəflərə qarşı effektivliyinin artırıldığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az