İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB

2026/04/1775747841.jpg
Oxunub: 1347     02:54     12 Aprel 2026    
İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq intensiv məsləhətləşmələrdən sonra başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Pakistanın vasitəçiliyi ilə İran və Amerika nümayəndə heyətlərinin danışıqları 14 saatdan sonra başa çatıb və hazırda hər iki tərəfin texniki qrupları ekspert mətnlərinin mübadiləsini aparır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesi davam etdiriləcək", - deyə paylaşımda bildirilib.

"Tasnim" agentliyinin məlumatına görə, tərəflər bazar günü Pakistanın danışıqları davam etdirmək təşəbbüsünü təsdiqləyiblər.

***

Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

Bu barədə Ordu.az İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir.

"İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar", - məlumatda deyilir.

Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.

IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.

***

ABŞ, İran və Pakistan nümayəndə heyətlərinin danışıqları bu axşam İslamabadda davam edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, təmaslar dar tərkibdə davam edib.

Daha əvvəl IRIB məlumatlı mənbəyə istinadən ABŞ nümayəndə heyətinin İslamabaddakı danışıqlar zamanı həddən artıq tələblər irəli sürdüyünü bildirmişdi.

***

İran və ABŞ nümayəndə heyətləri ekspertlər səviyyəsində danışıqlar mərhələsini başa çatdırıblar.

Ordu.az xəbər verir ki, bu barədə "Farhikhtegan" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda tərəflər müzakirə olunan məsələlərin yekunlarına dair yazılı protokollar mübadiləsi aparırlar.

Daha əvvəl CNN pakistanlı mənbəyə istinadən xəbər vermişdi ki, İslamabaddakı danışıqların gecə saatlarına qədər və ehtimal ki, bazar gününədək davam edəcəyi gözlənilir.

***

İran tərəfi ABŞ ilə İslamabadda keçirilən danışıqların daha bir gün uzadılmasını istisna etmir.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri “detalların müzakirəsinə və bir sıra məsələlər üzrə texniki mübahisələrə keçiblər”. Agentlik qeyd edib ki, “danışıqlar bir gün üçün planlaşdırılsa da, onların daha bir gün uzadılması ehtimalı var”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin