Makron Ərdoğanla Yaxın Şərq, Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

2020/09/macro-1600832161.jpg
Oxunub: 670     22:28     11 Aprel 2026    
Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və Yaxın Şərqdəki vəziyyətdən tutmuş Ukraynadakı müharibəyə və regional əməkdaşlıq perspektivlərinə qədər mühüm beynəlxalq məsələləri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Makron “X” sosial şəbəkəsində bildirib.

“Mən, xüsusilə mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti ərəfəsində Fransanın Cənubi Qafqazda sülh prosesinə dəstəyini təsdiqlədim. Bu proses region üçün açıq sərhədlər və gücləndirilmiş regional əməkdaşlıqla yeni mərhələ açmalıdır”, - deyə Makron yazıb.

Danışıqlar zamanı tərəflər Yaxın Şərqdə yaranmış vəziyyətə xüsusi diqqət yetiriblər. Makron Livanda atəşkəsin qorunmasının vacibliyini qeyd edib və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasının, eləcə də regional böhranların sabit diplomatik həll yollarının axtarılmasının əhəmiyyətini vurğulayıb.

Ukrayna məsələsi ayrıca mövzu olub. Tərəflər “Könüllülər koalisiyası” çərçivəsində ədalətli və davamlı sülhə nail olmaq məqsədilə birgə fəaliyyəti müzakirə ediblər. Makronun sözlərinə görə, bu sülh Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə uyğun olmalı və Kiyev üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə müşayiət edilməlidir.

Görüşün nəticələrinə əsasən tərəflər həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşəbbüslər çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər görüşdə beynəlxalq hüquqa əsaslanaraq Hörmüz boğazında keçid sərbəstliyinin təmin edilməsi, Suriyada baş verənlər, Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülh axtarışları və Ukrayna ilə Rusiya arasında danışıqların canlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan İrana hücumlarla başlayan gərginliyin qlobal miqyasda mənfi təsirinə də diqqət çəkib, Türkiyənin müvafiq dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi diplomatik səylərin atəşkəs proseslərində kritik rol oynadığını bildirib. O, bölgədə davamlı sülhün bərqərar edilməsi üçün diplomatiyanın zəruri olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Makron  


Bizi "telegram"da izləyin