“Flamingo” raketləri “Oreşnik” istehsalında iştirak edən “Titan-Barrikadı” zavodunu vurub - YENİLƏNİB+VİDEO
Oxunub: 494
13:13
27 İyun 2026
Rusiyanın Volqoqrad şəhərində yerləşən və strateji raket sistemləri üçün buraxılış qurğuları istehsal edən “Titan-Barrikadı” zavodu “Flamingo” qanadlı raketlərinin zərbəsinə məruz qalıb.
Ordu.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.
Məlumata görə, Ukrayna sərhədindən təxminən 400 kilometr məsafədə yerləşən müəssisə Rusiya Federasiyasının ən məxfi silah istehsalçılarından biri hesab olunur. Zavod “Oreşnik”, “İsgəndər-M”, “Topol-M” və “Yars” raket sistemləri üçün komponentlər istehsal edir.
Hücum 2026-cı il iyunun 26-dan 27-nə keçən gecə həyata keçirilib. Bildirilir ki, zərbə zamanı azı beş “Flamingo” qanadlı raketindən istifadə olunub. “Fire Point” şirkətinin baş konstruktoru və həmtəsisçisi Denis Ştilerman raketlərin buraxılışını əks etdirən görüntüləri öz səhifəsində paylaşıb.
“Dnipro Osint ⟨ Garbuz ⟩” OSINT icmasının foto və videogörüntülər əsasında apardığı təhlilə görə, azı üç raket birbaşa müəssisəyə düşüb. Zərbələr nəticəsində 2 nömrəli sex, 38 nömrəli sexin istehsalat binası və təyinatı açıqlanmayan daha bir sex vurulub.
Qeyd olunub ki, “Titan-Barrikadı” Rusiyanın müdafiə-sənaye kompleksində strateji əhəmiyyətə malik müəssisələrdən biridir. Zavod “Roskosmos” dövlət korporasiyasının tərkibinə daxildir və silahların layihələndirilməsindən elmi tədqiqatlara, kütləvi istehsaladək tam istehsal dövrünü təmin edən azsaylı müəssisələrdən biri hesab olunur.
Müəssisə “Topol-M” və “Yars” strateji nüvə raket kompleksləri, eləcə də “Kedr” və “Oreşnik” ballistik raketləri üçün özüyeriyən buraxılış qurğularının və yardımçı sistemlərin əsas istehsalçısıdır. Bundan başqa, zavod “İsgəndər-M” operativ-taktiki raket kompleksləri üçün yerüstü avadanlıq və buraxılış qurğuları da istehsal edir.
Zavod həmçinin “Msta-B” və “Msta-S” haubitsaları üçün 152 millimetrlik çaplı lülələrin istehsalında ixtisaslaşıb. Müəssisədə silahlarla yanaşı, neft-qaz sənayesi üçün avadanlıqlar, mobil qazma qurğuları və iri metal konstruksiyalar da hazırlanır.
Rusiya hərbi-sənaye kompleksinin fəaliyyətinə birbaşa dəstək verdiyinə və beynəlxalq təhlükəsizlik sazişlərinin pozulması ilə əlaqələndirildiyinə görə müəssisəyə ABŞ-nin, Avropa İttifaqının, Yaponiyanın və digər ölkələrin sanksiyaları tətbiq olunub.
Bundan əvvəl, 2026-cı il iyunun 10-da FP-5 “Flamingo” qanadlı raketinin Rusiyanın Çuvaşıya Respublikasının Çeboksarı şəhərində yerləşən “VNİİR-Proqress” müdafiə müəssisəsini vurduğu bildirilmişdi.
***
Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadı" zavoduna hücum edib.
Ordu.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Məlumata görə, "Titan-Barrikadı" zavodu "İskəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.
Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.
"Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur", - o bildirib.