Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” Pakistanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Ötən il Səudiyyə Ərəbistanı və Pakistan birgə strateji müdafiə sazişi imzalayıb və sənəddə qeyd olunub ki, “ölkələrdən birinə qarşı istənilən aqressiya hər iki ölkəyə qarşı aqressiya kimi qiymətləndiriləcək”.
Pakistan hərbçiləri İranın Səudiyyə Ərəbistanına qarşı davam edən cavab hücumlarını pisləyərək onları “sülh səylərini pozan eskalasiya” adlandırıblar.
Pakistan hərbçiləri bildiriblər ki, Səudiyyə Ərəbistanının səbr və təmkin nümayiş etdirməsi, İranın təxribatlarına baxmayaraq, vasitəçilik üçün qapının açıq qalmasına imkan verib. Lakin Pakistan hərbçiləri xəbərdarlıq ediblər ki, davam edən hücumlar bu qapının bağlanmasına səbəb ola bilər.
İki pakistanlı mənbə “Reuters” agentliyinə bildirib ki, ABŞ ilə İran arasında danışıqları irəli aparmaq səyləri davam edir, ancaq ABŞ zərbələrinin intensivliyi artır və Donald Trampın müəyyən etdiyi son tarix yaxınlaşır.
Son həftələrdə Pakistan ABŞ-İran danışıqlarının mərkəzində olub və hər iki tərəf üçün ortaq təkliflərin hazırlanmasında əsas vasitəçi kimi çıxış edib, lakin hələlik hər hansı kompromis əlaməti müşahidə olunmur.
“Biz iranlılarla əlaqədəyik. Onlar son vaxtlar müəyyən çeviklik göstəriblər və danışıqlara qoşula biləcəklərini bildiriblər, lakin eyni zamanda istənilən danışıqlar üçün şərt kimi sərt mövqe saxlayırlar”, - deyə Pakistanın təhlükəsizlik xidmətindəki mənbə “Reuters”ə bildirib.
O əlavə edib ki, İslamabad Tehrana danışıqlara heç bir ilkin şərt olmadan başlamağı tövsiyə edir.
Sevinc Əliyeva
Ordu.az