Ordu.az xəbər verir ki, ASELSAN tərəfindən hazırlanmış sistemlərdə artıq xarici daşıyıcı dövrü başa çatıb.
ASELSAN uzun illər məhsullarında həm radar, həm də radioelektron mübarizə həllərində zəruri olaraq xarici şassilərdən istifadə edirdi. Son PUHU 3-LT RED sistemi təhvilində isə həm OTOKAR-ın ARMA 6×6, həm də BMC-nin 6×6 daşıyıcı platformalarından istifadə olunub. ASELSAN baş direktoru Ahmet Akyolun paylaşdığı görüntüdə 9 ədəd ARMA 6×6 zirehli vasitə və 7 ədəd BMC 6×6 TTA olmaqla ümumilikdə 16 ədəd PUHU 3-LT RED sistemi təhvil verildiyi müşahidə olunub.
Digər layihələrdə də oxşar şəkildə yerli daşıyıcı platformalara üstünlük verilir. ASELSAN-ın YENER layihəsində ARMA 8×8 zirehli vasitədən istifadə edildiyi qeyd olunub. Bundan əlavə, müxtəlif layihələrdə “Anadolu Savunma”, “Koluman” və BMC kimi şirkətlərin fərqli tipli taktiki təkərli vasitələri tətbiq edilir. Hava və raket sistemləri layihələrində, eləcə də ROKETSAN-ın raket həllərində bu çərçivədə 8×8 taktiki təkərli vasitələrdən istifadə olunur. Bu yanaşma yalnız sadə bir dəyişiklik deyil, həm təchizat, texniki xidmət və istismar proseslərində asılılığı aradan qaldırır, həm də ixracda “tam paket” həllərin təqdim edilməsinə imkan yaradır.
PUHU 3-LT (Mobil V/UHF RED Sistemi) V/UHF tezlik diapazonunda rabitə həyata keçirən hədəf kommunikasiya sistemlərinə qarşı RED tətbiqi məqsədilə hazırlanıb. Sistem hədəf rabitənin aşkarlanması və izlənməsi, siqnalların istiqamətinin müəyyən edilməsi, yerləşmə mövqelərinin tapılması, siqnalların dinlənməsi və təhlili kimi imkanlarla taktiki sahədə üstünlük təmin edir.
PUHU 3-LT sistemi istifadəçinin tələblərinə uyğun olaraq iqlimləndirmə qurğuları, sistem antenaları, enerji mənbəyi və digər bütün sistem komponentləri ilə birlikdə tək bir nəqliyyat vasitəsi üzərində ergonomik şəkildə yerləşdirilib. Sistem bütün avadanlığın platforma üzərində daşına bilməsi, avtomatik sürətli qurulma və yığılma imkanları sayəsində yüksək hərəkət qabiliyyətinə malikdir. Ehtiyacdan asılı olaraq sistemin müxtəlif platformalara inteqrasiyası mümkündür.
Sistemin ümumi xüsusiyyətləri:
• V/UHF diapazonunda istiqamət təyini və dinləmə
• Yüksək sürətli spektr darama, siqnal aşkarlanması və təhlili
• Avtomatik modulyasiya tanınması və demodulyasiya
• Avtomatik protokol tanınması və həlli
• Yüksək dəqiqliklə istiqamət təyini
• Yüksək dəqiqliklə mövqe müəyyən etmə (AOA, TDOA, hibrid)
• Çoxkanallı genişdiapazonlu və dardiapazonlu qəbuledici strukturlar
Sevinc Əliyeva
Ordu.az