İran prezidenti bildirib ki, 14 milyon İran vətəndaşı ölkə üçün həyatını qurban verməyə hazırdır

2026/02/1771353524.jpg
Oxunub: 344     17:41     07 Aprel 2026    
14 milyondan çox İran vətəndaşı “Canfada” adlı kampaniyaya qoşulub. Bu kampaniyanın iştirakçıları zərurət yaranarsa, ölkəni öz həyatları bahasına müdafiə etməyə hazır olduqlarını bildirirlər.

Ordu.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian sosial şəbəkələrdə yazıb.

Prezident paylaşımına “Canfada” (“fədakar”, “özünü qurban verən”) həştəqini əlavə edib və bununla kampaniyaya qoşulan vətəndaşları nəzərdə tutduğunu göstərib. O əlavə edib ki, özü də “İran üçün həyatını qurban verməyə hazırdır”.

İran hökuməti “Canfada” kampaniyasına 2026-cı il martın 28-də start verib. “Tasnim” agentliyi o vaxt bildirmişdi ki, hökumət bu addımı “təhdidlərə cavab vermək və İran xalqının ölkə ərazisini müdafiə etməyə hazır olduğunu göstərmək” məqsədilə atıb. Qeydiyyatdan keçmək üçün xüsusi nömrəyə mesaj göndərmək və ya kampaniyanın saytına daxil olmaq kifayətdir.

Martın 31-də Tasnim xəbər vermişdi ki, kampaniyaya təxminən 5 milyon nəfər qoşulub və bu rəqəm artmaqda davam edir. Qeydiyyatdan keçənlər arasında İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei kimi siyasətçilər də var.

Qərb KİV-ləri qeyd edir ki, kampaniyaya qoşulmanın sadəcə simvolik jest olub-olmadığı, yoxsa orduya qoşulmanı nəzərdə tutduğu hələ aydın deyil.

“Worldometer” məlumatına görə, İranın əhalisi təxminən 93 milyon nəfərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian  


Bizi "telegram"da izləyin