“Past”: Moskva erməniləri Paşinyanı “Biz Üçmüədzinlə birlikdəyik” aksiyası ilə qarşılayıblar

2026/04/1775115493.jpg
Oxunub: 499     11:36     02 Aprel 2026    
Ötən gün Moskvada, Ermənistan səfirliyinin binası yaxınlığında “Biz Üçmüədzinlə birlikdəyik” aksiyası keçirilib və tədbirdə erməni icmasının yüzlərlə nümayəndəsi iştirak edib. İnsanlar milli bayraqlar və plakatlarla toplaşıb, birlik, həmrəylik və Erməni Apostol Kilsəsinə dəstək şüarları səsləndiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Moskva erməniləri Paşinyanı “Biz Üçmüədzinlə birlikdəyik” aksiyası ilə qarşılayıblar” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, iştirakçılar vurğulayıblar ki, Erməni Apostol Kilsəsi 1700 ildən artıqdır ki, mənəvi dayaq və milli kimliyin simvolu olaraq qalır. Çıxışlarda qeyd olunub ki, məhz kilsə xalqın müharibələri, sınaqları və faciələri, o cümlədən “soyqırımı”nı (qondarma-red.) aşmasına kömək edib və bu gün də yenidən ictimai diqqət mərkəzinə düşüb.

“Toplaşanlar din xadimləri və ictimai fəalların saxlanılması və həbs olunmasına etiraz ediblər. Onların arasında Erməni Apostol Kilsəsinin ruhaniləri Mixail Acapaxyan, Arşak Xaçatryan, Mkrtıç Proşyan, Baqrat Qalstanyan, eləcə də xeyriyyəçi Samvel Karapetyan yer alır. Mitinq iştirakçılarının tələbləri sırasında saxlanılan şəxslərin azad edilməsi, dindarlara qarşı təzyiqlərin dayandırılması, siyasi təqiblərdən imtina olunması və gələcək seçkilər üçün şəffaf şəraitin yaradılması yer alıb.

Aksiyanın əsas çıxışçılarından biri ictimai xadim Mika Badalyan olub. O, çıxışında bildirib: “Katolikosun və Erməni Apostol Kilsəsinin dəstəklənməsinə yönəlmiş imzatoplama təşəbbüsümüz iki həftə yarım ərzində 100 mindən çox imza toplayıb. Bu, cəmiyyətin öz mövqeyini fəal şəkildə ifadə etdiyini göstərir”. Onun sözlərinə görə, imzatoplama “Armspyurk.com” saytında aparılır və hər gün petisiyaya qoşulanların sayı artır”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edib ki, çıxış edənlər arasında ruhani nümayəndələr də olub, o cümlədən Rusiyanın və Naxçıvan-na-Donunun erməni yeparxiyasından Levon Mukanyan və keşiş Gevorq Vardanyan. Onlar Üçmüədzinin mənəvi mərkəz və erməni xalqının birliyinin simvolu kimi əhəmiyyətindən danışıblar.

“Təşkilatçılar qeyd ediblər ki, Moskvada keçirilən aksiya daha geniş kampaniyanın bir hissəsidir və bu kampaniya diasporun səfərbər olunmasına, eləcə də Erməni Apostol Kilsəsi ətrafında yaranmış vəziyyətə diqqətin cəlb edilməsinə yönəlib. Onların sözlərinə görə, imzatoplama davam edir və bu cür tədbirlər mütəmadi xarakter daşıyacaq”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin