Ordu.az xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev jurnalistlərə bildirib.
Lixaçev qeyd edib ki, “Rosatom”un həyata keçirəcəyi modernizasiyadan sonra Ermənistan AES-in istismar müddəti 2036-cı ilə qədər uzadılacaq.
Onun fikrincə, bundan sonra bir sıra səbəblərə görə Ermənistan atom elektrik stansiyasında işlərin davam etdirilməsi çətin olacaq.
“Əlbəttə, hesablamalar göstərir ki, Ermənistanda yeni baza elektrik stansiyalarının tikintisi ilə bağlı qərarların qəbulu və icrası üçün cəmi on il qalıb. Biz Ermənistan hökumətinə həm yüksək, həm orta, həm də kiçik güclü bloklar üzrə dəfələrlə təkliflər vermişik. Hər bir variantın öz üstünlükləri və çətinlikləri var, lakin son söz həmişə sifarişçiyə məxsusdur”, - deyə Lixaçev bildirib.
Onun sözlərinə görə, ölkənin enerji sisteminin yenidən qurulması və inkişaf perspektivləri ilə bağlı qərarı Ermənistan hökuməti qəbul etməlidir.
“Mənim qənaətimə görə, Ermənistan nüvə enerjisi olmadan mövcud ola bilməz. Məsələ yalnız zərurətdə deyil, həm də ölkənin uzun illərdir bu sahədə səriştəyə malik olmasındadır”, - deyə “Rosatom” rəhbəri qeyd edib.
O vurğulayıb ki, Ermənistan 1970-ci illərin sonundan etibarən dinc nüvə texnologiyalarına sahibdir və bu üstünlük itirilməməlidir.
Lixaçev həmçinin bildirib ki, Vladimir Putinlə Nikol Paşinyan arasında görüş zamanı Ermənistan hökumətinin bu məsələyə dair konkret müraciətləri müzakirə oluna bilər.
“Mən təkcə inanmıram, tam əminəm ki, Rusiya maksimal dərəcədə əlverişli təkliflər edəcək. Çünki bizi onilliklər boyu formalaşmış konstruktiv əməkdaşlıq, qardaşlıq və bir çox ailələrdə qohumluq münasibətləri birləşdirir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az