Ümumi Gürcüstan katolikos-patriarxının seçilməsi artıq siyasi məna kəsb etməyə başlayıb. Rusiyanın bir sıra KİV-ləri İstanbulun Ekumenik patriarxı I Bartolomeyi Gürcü Pravoslav Kilsəsinin daxili işlərinə müdaxilədə ittiham edib. Qeyd etmək lazımdır ki, kilsə ilə sıx əlaqələrə baxmayaraq, Moskva və bütün Rusiyanın patriarxı Kirill II İlyanın dəfn mərasimində iştirak etməyib.
Gürcü mənbələri hələ II İliyanın dövründə dəfələrlə vurğulayıblar ki, Gürcü Pravoslav Kilsəsinin ruhani elitası “iki qrupa bölünüb”. Yaşlı nəslə aid ruhanilər Rus Pravoslav Kilsəsi ilə mənəvi yaxınlığı qəbul edir, daha gənc ruhanilər isə əksinə, İstanbul patriarxlığı ilə əlaqələrin dərinləşdirilməsinin tərəfdarıdır.
Gürcüstanın “Apsny” onlayn nəşrinin şərhçisinin fikrincə, “II İliya illər boyu daxili ziddiyyətləri yumşalda və ən azı zahirən ruhani təbəqənin birliyini qoruya bilmişdi”. Onun ölümündən sonra isə Gürcü Pravoslav Kilsəsi “yalnız dini deyil, həm də siyasi yönüm baxımından seçim etməlidir”. Müəllif hesab edir ki, “kilsəyə ictimai etimad ciddi şəkildə zədələnib, gənc nəsil üçün artıq əvvəlki nüfuzunu itirib, çünki II İlya 25 ildən çox müddətdə bütün hakimiyyətləri legitimləşdirib”.
Gürcü Pravoslav Kilsəsinin Sinodu hansı qərarı verəcək? Böyük ehtimalla, katolikos-patriarxın yerinə yetiricisi Şio kilsə rəhbərliyinə namizəd kimi irəli sürüləcək. Gürcüstan hakimiyyətinin Moskva ilə münasibətlərdə əlavə problem yaşamaq istəmədiyi ehtimal olunur.
Vəziyyət xüsusilə ona görə həssasdır ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill, Rusiya hakimiyyətinin Abxaziyanın müstəqilliyini tanımasına baxmayaraq, Abxaziyanı rəsmi olaraq Gürcü Pravoslav Kilsəsinin kanonik ərazisi kimi qəbul edir. Əgər Gürcü Pravoslav Kilsəsinə “qərbyönlü” katolikos-patriarx seçilərsə, Rus Pravoslav Kilsəsi Abxaziyada ayrıca yeparxiya yarada və Gürcüstanın xristian birliyini parçalaya bilər.
Aqil Məmmədov
Ordu.az