“Fergani”nin beşinci peyki kosmosda: FGN-100-D3 uğurla orbitə yerləşərək fəaliyyətə başlayıb

2026/03/1774899582.jpg
Oxunub: 545     23:37     30 Mart 2026    
“Fergani Kosmos”un tamamilə milli imkanlarla hazırladığı beşinci sınaq peyki olan FGN-100-D3 kosmosa buraxılıb.

Ordu.az xəbər verir ki, rabitə və naviqasiya imkanları ilə təchiz olunan, 113 kq çəkisi olan yeni nəsil milli peyk orbitinə yerləşərək fəaliyyətə başlayıb.

“Baykar” İdarə Heyətinin sədri və texnologiya rəhbəri Səlcuq Bayraktar tərəfindən yaradılan “Fergani Kosmos Texnologiyaları” milli mühəndislik imkanları ilə hazırladığı beşinci sınaq peyki olan FGN-100-D3-ü 2026-cı il martın 30-da Türkiyə vaxtı ilə (TSİ) saat 14:02-də ABŞ-də yerləşən “Vandenberg” Kosmik Qüvvələri bazasından kosmosa göndərib. “SpaceX” şirkətinin “Transporter-16” missiyası çərçivəsində buraxılan peyk buraxılışdan təxminən 66 dəqiqə sonra, TSİ ilə saat 15:08-də daşıyıcı raketdən uğurla ayrılaraq 500-520 km hündürlükdə nəzərdə tutulan orbitə yerləşib.

Milli texnologiya ilə tam müstəqillik

FGN-100-D3 “Fergani” tərəfindən bundan əvvəl buraxılan peyklərlə müqayisədə üzərində daşıdığı texnoloji yeniliklərlə mühüm irəliləyişi ifadə edir. Peyk üzərində “Fergani” daxilində tamamilə milli şəkildə hazırlanmış reaksiya təkəri, maqnit tork çubuğu, maqnitometr, IMU və GNSS qəbuledicisi kimi kritik komponentlərdən istifadə olunub. Peyk daxilində bu sistemlərlə yanaşı qabaqcıl tapşırıqlar üçün süni zəka dəstəklı kompüter də yerləşir. “Fergani” mühəndisləri tərəfindən hazırlanmış milli sistemlərin və avionika avadanlıqlarının kosmosda təsdiqlənməsi və bu texnologiyalara kosmik fəaliyyət təcrübəsi qazandırılması Türkiyənin kosmos texnologiyalarında tam müstəqilliyi baxımından böyük əhəmiyyət daşıyır.

Kosmosdakı yeni halqa

“Fergani Kosmos” 2025-ci ilin əvvəlindən etibarən kosmosda ardıcıl mühüm nailiyyətlər əldə edərək kosmosdakı rolunu möhkəmləndirməyə davam edir. “Fergani”nin kosmos macərası 2025-ci ilin yanvarında seriyanın ilk peyki olan FGN-100-D1-in buraxılması ilə başlayıb, daha sonra 2025-ci il noyabrın 2-də Türkiyənin ən böyük özəl sektor peyki tituluna malik, 104 kq çəkisi olan FGN-100-D2 orbitdə yerini tutub. Bu prosesi 2025-ci il noyabrın 28-də üzərində 10 kq çəkisi olan FRG-10D1 kub peykini daşıyan dünyanın ilk hibrid hərəkət sistemi əsaslı Orbit Transfer Aparatının (FGN-TUG-S01) kosmosa göndərilməsi izləyib. Yenilikçi hibrid mühərrik texnologiyası və kosmosda həyata keçirilən ilk alışma ilə milli orbit transfer aparatı Türkiyəni kosmosdaxili logistika imkanları üçün mühüm addım olub.

“Uluğ Bey” mövqeləndirmə sistemi

“Fergani Kosmos” qarşıdakı 5 il ərzində 100-dən çox peykdən ibarət olacaq “Uluğ Bey” Qlobal Mövqeləndirmə Sistemini tamamilə öz imkanları hesabına tamamlamanı hədəfləyir. Bu konstellasiya layihəsi həyata keçirildiyi zaman Türkiyə öz müstəqil naviqasiya və rabitə şəbəkəsinə sahib olacaq və bu mühüm imkanını dost və qardaş coğrafiyalarla paylaşa biləcək. Bir tərəfdən peyk qrupları tamamlanarkən, digər tərəfdən milli buraxılış raketinin hazırlanması üzrə işlər də davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fergani   FGN-100-D3  


Bizi "telegram"da izləyin