Kreml ritorikası sərtləşir: Estoniya ilə bağlı “tarixi iddia” gərginliyi artırır

2026/03/1774896249.jpg
Oxunub: 886     22:45     30 Mart 2026    
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Vladimir Putin dövlət ehtiyacları üçün biznes nümayəndələrinin ödəniş etməsi ideyasını alqışlayıb, lakin bunun onun təşəbbüsü olmadığını bildirib. Bu barədə jurnalistlərə Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, qurultaydan sonra Putin bir qrup sahibkarla görüş keçirib, onlardan biri böyük məbləğdə ianə edib və bu, “onun ailəsinin qərarıdır”.

Peskov bunun “Rosneft” şirkətinin baş direktoru Seçin olduğunu təkzib edib.

“Financial Times”ın məlumatına görə, qurultayın rəsmi bağlanışından sonra Vladimir Putin “təxminən iki saat bir qrup sahibkarla danışıqlar aparıb və onları Ukraynada müharibəni davam etdirmək üçün dövlətə maliyyə dəstəyi göstərməyə çağırıb”. ABŞ nəşrinin yazdığına görə, bu təklifi “İqor Seçin və milyarder Oleq Deripaska” alqışlayıblar.

Beləliklə, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada müharibəni davam etdirmək üçün qeyri-dövlət maliyyə vəsaitlərinə ehtiyac duyduğunu fakt olaraq təkzib etməyib. Müharibə artıq beşinci ildir davam edir və rusiyalı iri biznes nümayəndələri ilk dəfədir ki, “vətənpərvərlik təşəbbüsü” göstərirlər. Buna görə də aydındır ki, Putin sadəcə onları buna, necə deyərlər, “ödəniş etməyə” məcbur edir.

“Financial Times”ın məlumatlı mənbələri eyni zamanda bildiriblər ki, Putin iri biznes nümayəndələri üçün çox mühüm bir açıqlama verib. O deyib ki, artıq Donbasda demilitarizasiya olunmuş zona yaradılması ilə bağlı ABŞ-nin təklifini rəhbər tutmur, əvəzində regionu tam şəkildə ələ keçirmək qərarı verib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-də Donald Trampın prezident vəzifəsini icra etməyə başlamasından sonra ilk dəfə olaraq ABŞ-ni və Amerika administrasiyasını kəskin tənqid edib, hətta “Şimal Axını” qaz kəmərlərinə “sahib olmaq istəyi”ni də onlara aid edib.

Müəyyən fasilədən sonra Kreml yenidən təbliğatın “ağır artilleriya”sını işə salıb. Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində ingilis dilində olduqca savadsız bir paylaşım edib və Avropa İttifaqının təhlükəsizlik və xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallası “küt” adlandırıb.

Səbəb isə Kallasın Rusiyanı “ona məxsus olmayan Donbas ərazisinə ərazi iddiaları irəli sürməkdə” ittiham etməsi olub. Buna cavab olaraq Medvedev bildirib ki, Kallasın vətəni olan “Estoniya da Rusiyanın bir hissəsi olub”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin