Bunu 2026-cı il martın 28-də Florida ştatında Səudiyyə Ərəbistanı işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Donald Tramp İran barədə danışarkən deyib və əlavə edib ki, “İran elə yeganə ölkədir ki, orada heç kim rəhbər olmaq istəmir, İranı idarə etmək istəyən yoxdur”.
Tramp eyni zamanda Səudiyyə Ərəbistanını və regionun digər ölkələrini “İbrahim razılaşmaları”na qoşulmağa və İsrail ilə münasibətləri normallaşdırmağa çağırıb.
ABŞ prezidentinin açıqlamalarında reallığınmı, yoxsa təbliğatınmı üstünlük təşkil etdiyini müəyyənləşdirmək çətindir. İsrail mənbələri bildiriblər ki, İran sərhədlərinə “ABŞ-nin üçüncü aviadaşıyıcısı yaxınlaşır”.
Eyni zamanda məlumat yayılıb ki, ABŞ “İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı hazırlayır”. Digər mənbələrə görə isə ABŞ “gəmiçiliyi bərpa etmək məqsədilə Hörmüz boğazının İran sahillərinin hamısını nəzarətə götürməyi planlaşdırır”.
Bununla paralel olaraq “İran-ABŞ yüksək səviyyəli danışıqlarının hazırlanması” ilə bağlı informasiya sızmaları da davam edir. İsrail mediasının məlumatına görə, Pakistanın xahişi ilə ABŞ və İsrail “məhv ediləcək İran rəsmiləri siyahısından” müvəqqəti olaraq İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafın adlarını çıxarıb.
Bu fonda KİV-lər Türkiyənin “təhlükəsizlik sistemində yüksək vəzifəli mənbəyə” istinadən sensasion məlumat yayıb. Bildirilir ki, Hörmüz boğazının İran sahillərinin ələ keçirilməsi ilə bağlı yayılan xəbərlər “diqqəti yayındırmaq məqsədi daşıyır, əslində isə ABŞ İsfahan istiqamətində dərin nüfuz etmə əməliyyatı hazırlayır”.
Mənbə əlavə edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları İsfahan yaxınlığındakı yeraltı anbarlarda saxlanılır və onları hava və raket zərbələri ilə məhv etmək mümkün deyil. Buna görə də məqsəd ərazini ələ keçirmək yox, zənginləşdirilmiş uranı ələ keçirərək İran ərazisindən çıxarmaqdır.
Əgər bu məlumat reallığa yaxınsa, belə nəticə çıxarmaq olar ki, İran “nüvə silahına sahib olmağa çox yaxındır” və bu, rəsmi Tehranın ABŞ-yə “vasitəçilər vasitəsilə təqdim etdiyi əsas “kozırdır”.
ABŞ prezidenti Səudiyyə Ərəbistanını və regionun digər ərəb ölkələrini “məzəmmət edərək” bildirib ki, onlar İranın yalnız İsraili hədəf alacağını düşünürdülər, halbuki özləri də hədəfə çevrildilər.
Məsələ ondadır ki, İran Fars körfəzi ölkələrinin ərazilərində ABŞ hərbi bazalarını və kritik infrastrukturu hədəfə alıb. Vaşinqton üçün ərəb ölkələrini İranın “regionun əsas təhlükəsi” olduğuna inandırmaq asan deyil.
Ən inandırıcı arqument, görünür, İranın “çirkli nüvə silahına malik olması və onu təkcə İsrailə deyil, ərəb ölkələrinə qarşı da istifadə edə bilməsi” iddiası ola bilər.
Son məlumatlara görə, ABŞ prezidenti İrana “qərar vermək üçün əlavə on gün vaxt verib”. Bu müddət ərzində İsrail-ABŞ xüsusi təyinatlı qüvvələri İsfahana daxil olacaq?
Asif Cəfərov
Ordu.az