Türkiyə İranın bütövlüyünü dəstəkləməklə regional balansı qorumağa çalışır?

2026/03/1774894128.jpg
Oxunub: 708     21:57     30 Mart 2026    
2026-cı il martın 28-də Türkiyə və İran müdafiə nazirləri Yaşar Gülər və Seyid Məcid ibn-ül Rza arasında telefon danışığı baş tutub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, telefon danışığı zamanı ilk növbədə son regional hadisələr nəzərə alınmaqla, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

İsrail və ABŞ ilə müharibə vəziyyətində olan İranın müdafiə nazirinin türkiyəli həmkarı ilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etməsi tərəflər arasında müəyyən etimad səviyyəsinin mövcudluğunu və ya buna nail olmaq üçün siyasi iradənin olduğunu göstərir. Müharibənin başlanmasından bir ay keçməsinə baxmayaraq, İranın müdafiə naziri strateji tərəfdaş hesab olunan Rusiya və ya Çin nümayəndələri ilə əlaqə saxlamayıb.

Eyni zamanda, Türkiyənin regionda baş verən son hadisələr fonunda İranla kollektiv müdafiə mexanizmi qurulması ehtimalını istisna etmədiyi qeyd olunur.

Bu kontekstdə Türkiyənin hakimiyyətə yaxın nəşrlərindən birində dərc olunan məlumat diqqət çəkir. Bildirilir ki, İran əleyhinə İsrail-ABŞ hücumundan bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında telefon danışığı olub. Ərdoğan qeyd edib ki, əgər İranda kürd separatizmi aktivləşdirilərsə, Türkiyə tərəddüd etmədən istənilən belə cəhdin qarşısını alacaq.

Mənbələrin məlumatına görə, əsas işi Türkiyənin xarici işlər naziri Hakan Fidan və kəşfiyyat rəhbəri İbrahim Kalın həyata keçirib. Onlar İraq Kürdüstanı rəhbərliyi ilə əlaqə quraraq silahlı qruplaşmaların İran ərazisinə daxil olmasının qarşısını ala biliblər.

Bu hərbi-diplomatik prosesə PKK lideri Abdullah Öcalan da cəlb olunub. O, həbsdən müraciət edərək İraq Kürdüstanındakı silahlı qruplaşmaları MOSSAD-ın qurduğu tələyə düşməməyə çağırıb.

Beləliklə, Türkiyə ən azı İran əleyhinə İsrail-ABŞ müharibəsi kontekstində İranın ərazi və siyasi bütövlüyünün qorunması mövqeyindən çıxış edir və tərəflərin müdafiə nazirlərinin telefon danışığından da göründüyü kimi, bu istiqamətdə diplomatik addımlarla yanaşı hərbi xarakterli tədbirlər də görə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin