Enerji Damarı Üzərində Qarşıdurma: Hörmüzdə Yeni Ssenari

2026/03/1774893834.jpg
Oxunub: 925     21:50     30 Mart 2026    
Ötən gün İslamabad şəhərində Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin məsləhətləşmə görüşü keçirilib. Bu barədə rəsmi məlumatdan başqa hələlik heç bir açıq informasiya yoxdur.

“Israel Inside” nəşri İsrail təhlükəsizlik sistemindəki anonim mənbələrə istinadən bildirib ki, Türkiyə tərəfinin təklifi ilə görüş iştirakçıları “Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi məqsədilə beynəlxalq konsorsium yaradılması ideyasını” müzakirə ediblər.

Mənbələrin sözlərinə görə, Pakistan və Misir ümumilikdə Türkiyənin təklifini bölüşür, Səudiyyə Ərəbistanı isə hələ tərəddüd edir. Bildirilir ki, İslamabad görüşünün iştirakçıları “müzakirələr barədə qapalı kanallar vasitəsilə ABŞ-ni və İranı məlumatlandırıb və cavab gözləyirlər”.

Bundan əvvəl Donald Tramp istisna etməyib ki, müharibə başa çatdıqdan sonra “ABŞ və İran Hörmüz boğazını birgə idarə edə bilər”.

İslamabad görüşünün iştirakçılarına dolayı, lakin kifayət qədər aydın cavabı İran parlamentinin təhlükəsizlik və xarici əlaqələr komitəsinin üzvü Alaeddin Borucerdi verib. İranlı parlamentar SNN telekanalına müsahibəsində bildirib ki, yaxın gələcəkdə Hörmüz boğazında gəmiçilik hüququ və xidmətləri üçün “ödənişlərin nəzərdə tutulmasını” ehtiva edən qanun qəbul ediləcək.

İran-ABŞ ehtimal olunan danışıqlarının gündəliyində əsas məsələlərdən biri Hörmüz boğazı üzərində İranın tam səlahiyyətlərinin beynəlxalq səviyyədə tanınmasıdır. Bunu ötən həftənin əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib və beynəlxalq təcrübədə mövcud olan presedentlərə istinad edərək qeyd edib ki, dövlətlər öz ərazilərində yerləşən dəniz yollarından istifadə üçün ödəniş tətbiq edə bilirlər.

Pakistan, Türkiyə və Misirin xarici işlər nazirləri hansı təklifləri hazırlayıblar? Söhbət İranın səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə biləcək beynəlxalq müvəqqəti konsorsiumdan gedir, yoxsa onlar Tehrana Hörmüz boğazı üzərində səlahiyyətlərini onlara güzəştə getməyi təklif edirlər?

İran əleyhinə İsrail-ABŞ müharibəsinin əsas hədəflərindən biri məhz Hörmüz boğazıdır. Bu boğaza nəzarət hüququ İran üçün enerji daşıyıcılarının beynəlxalq bazarında üstün mövqe təmin edə bilər, əks halda isə orada “işğal rejimi”nin qurulması İran İslam Respublikasının mövqelərini zəiflədə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin