Ordu.az xəbər verir ki, real şəraitə yaxın ssenaridə aparat müstəqil şəkildə kamikadze tipli pilotsuz uçuş aparatını aşkarlayıb, müəyyən edib və təsnifləndirib.
Hədəf müəyyən edildikdən sonra aparat “Frankenburg Technologies” şirkətinin hazırladığı “Mark I” “hava-hava” raketi ilə ona zərbə endirib.
“Airbus Defence and Space” şirkətinin rəhbəri Mayk Şölhorn bildirib ki, kamikadze pilotsuz uçuş aparatlarına qarşı müdafiə hazırkı geosiyasi vəziyyətdə taktiki prioritetdir. Onun sözlərinə görə, bu sistem silahlı qüvvələr üçün effektiv və sərfəli həll təqdim edir.
“Frankenburg Technologies” şirkətinin rəhbəri Kusti Salm isə qeyd edib ki, bu layihə aşağı qiymətli önləyici raketlərin pilotsuz platformaya inteqrasiyası sahəsində yeni mərhələdir.
Layihə başlanandan cəmi 9 ay sonra həyata keçirilən bu uçuşda istifadə olunan prototip 2,5 metr qanad açıqlığına, 3,1 metr uzunluğa və 160 kq maksimum uçuş kütləsinə malikdir. Hazırkı versiya iki raket daşıyır, əməliyyat versiyası isə səkkiz raket daşıya biləcək.
Bu raketlərin nişanalma məsafəsi 1,5 kilometrə qədərdir, uzunluğu 65 santimetrdən az, çəkisi isə 2 kiloqramdan aşağıdır. Onlar qəlpəli döyüş başlığı ilə təchiz olunub və yaxın məsafədə hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az