“Sentinel” qitələrarası ballistik raketi üçün şaxta prototipinin tikintisinə başlanılıb

2026/03/1774892980.jpg
Oxunub: 494     21:48     30 Mart 2026    
“Northrop Grumman” şirkəti “Bechtel” ilə tərəfdaşlıq çərçivəsində Yuta ştatının Promontori bölgəsində LGM-35A “Sentinel” qitələrarası ballistik raketi üçün tammiqyaslı buraxılış şaxtasının prototipinin inşasına başlayıb.

Ordu.az xəbər verir ki, layihənin məqsədi modul yanaşmanı sınaqdan keçirməkdir.

Rəsmilərin sözlərinə görə, bu yanaşma xərclərin azaldılmasına və yerləşdirmə prosesinin sürətləndirilməsinə imkan verəcək.

Şirkətin strateji çəkindirmə sistemləri üzrə vitse-prezidenti Sara Uilloubi bildirib ki, “Sentinel” milli təhlükəsizlik üçün prioritetdir və buraxılış şaxtası konsepsiyasının yoxlanılması sistemin sürətli yerləşdirilməsi üçün vacibdir”.

Yeni prototip 450 buraxılış şaxtasının gələcəkdə yerləşdirilməsini təmin edəcək infrastrukturun dayanıqlığını və tikinti metodunu yoxlamaq məqsədi daşıyır.

Layihə həm ilkin tikinti, həm də uzunmüddətli istismar baxımından əvvəlki “Minuteman III” sistemləri ilə müqayisədə daha effektiv yanaşma təqdim etməyi hədəfləyir.

Son nailiyyətlərə Vayominq ştatında yerləşən “F.E. Warren” Hərbi Hava Qüvvələri bazasında yeni komanda mərkəzinin inşası və raketin bütün əsas mühərrik mərhələlərinin uğurla sınaqdan keçirilməsi daxildir.

Şirkət həmçinin 2027-ci ilə planlaşdırılan uçuş sınaqları öncəsi texniki risklərin azaldılması məqsədilə mühərrik sistemlərinin “isti işə salınma” sınaqlarını tamamladığını bildirib.

“Northrop Grumman”ın məlumatına görə, Hərbi Hava Qüvvələrinin konsepsiya baxışından üç ay sonra prototip şaxtanın tikintisinə başlanılıb və yeni yanaşmanın uzunmüddətli inkişaf müddətini qısaldacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sentinel   Northrop-Grumman   Bechtel  


Bizi "telegram"da izləyin