USS “Tripoli” 3500 hərbi qulluqçu ilə Yaxın Şərqə gəlib

2026/03/1774891526.jpg
Oxunub: 592     21:24     30 Mart 2026    
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 2026-cı il martın 28-i USS “Tripoli” (LHA 7) amfibiya hücum gəmisinin öz “məsuliyyət zonasına” daxil olduğunu elan edib.

Ordu.az xəbər verir ki, “America” sinfinə məxsus hərbi gəmi “Tripoli” Amfibiya Hazır Qrupu və 31-ci Dəniz Ekspedisiya Birliyinin flaqmanı rolunu oynayır.

Gəmi regiona nəqliyyat və zərbə qırıcı təyyarələri, əlavə amfibiya və taktiki resurslarla yanaşı, təxminən 3500 dənizçi və dəniz piyadası gətirib.

CENTCOM-un bu yeniləməsi CNN-in dəniz izləmə məlumatlarına istinadən yaydığı hesabatdan bir həftə sonraya təsadüf edir. Həmin hesabatda dəniz piyadalarını və dənizçiləri daşıyan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəminin həftənin əvvəlində Yaxın Şərqə doğru irəliləyərkən Sinapur sahillərindəki Malakka boğazına yaxınlaşdığı bildirilirdi. İzləmə məlumatları USS “Tripoli” gəmisinin Cənubi Çin dənizinin cənub-qərb kənarında Sinapura yaxınlaşdığını göstərirdi.

“Huntington Ingalls Industries” şirkətinin “Ingalls Shipbuilding” bölməsi tərəfindən inşa edilən USS “Tripoli” (LHA 7) 2020-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Təxminən 44 971 ton subasımı qabiliyyətinə malik olan LHA 7 gəmisinin uzunluğu 844 futdur və sürəti 20 düyündən çoxdur.

Gəmi ilk dəfə USS “Makin Island” (LHD 8) gəmisində istifadə edilən qaz turbinli hərəkət qurğusu, zonal elektrik paylanması və elektrik köməkçi sistemləri ilə təchiz olunub. Gəmi MV-22 tiltrotorları və F-35B “Joint Strike Fighter” qırıcıları ilə əməliyyatları dəstəkləyir.

Gəmi humanitar yardım, fəlakətlərin nəticələrinin aradan qaldırılması, dəniz təhlükəsizliyi və dəniz quldurluğuna qarşı mübarizə əməliyyatları daxil olmaqla müxtəlif missiyaları yerinə yetirə bilər. O, hava dəstəyi imkanlarını artırmaq üçün genişləndirilmiş anqar göyərtəsi və artırılmış JP-5 yanacaq tutumu ilə təchiz edilib.

Gəminin gəlişi ABŞ yerüstü qoşunlarının İrana potensial yerləşdirilməsi ilə bağlı fərziyyələrin artdığı dövrə təsadüf edir. İran artıq bu fərziyyələrə reaksiya verib, parlament sədri Məhəmməd Baqer Qalibaf ölkəsinin qüvvələrinin “Amerikalı əsgərləri gözlədiyini” xəbərdarlıq edib. BBC-nin məlumatına görə, o, həmçinin İran ərazisinə daxil olmağa çalışan hər hansı ABŞ qoşununun üzərinə “od yağdırılacağı” barədə xəbərdarlıq edib.

Bu arada ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrandakı hərbi əməliyyatları dayandırmaq üçün razılıq əldə olunmasa, ABŞ İranın elektrik stansiyalarını, neft quyularını, Xarq adasını və potensial olaraq bütün duzsuzlaşdırma zavodlarını hədəf alacaq.

Tramp “Truth Social” platformasındakı paylaşımında qeyd edib: “Amerika Birləşmiş Ştatları İrandakı hərbi əməliyyatlarımızı dayandırmaq üçün YENİ VƏ DAHA MƏNTİQLİ BİR REJİMLƏ ciddi müzakirələr aparır.

Böyük irəliləyiş əldə olunub, lakin hər hansı səbəbdən qısa müddətdə razılıq əldə olunmasa (bu, çox güman ki, olacaq) və Hörmüz boğazı dərhal ticarət üçün açılmasa, biz İranın bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını (və bəlkə də bütün duzsuzlaşdırma zavodlarını!) partladaraq və tamamilə məhv edərək İrandakı bu gözəl “səfərimizi” yekunlaşdıracağıq. Biz onlara qəsdən hələ “toxunmamışıq”.

Ötən həftə, 2026-cı il martın 23-ü USS “Gerald R. Ford” (CVN 78) aviadaşıyıcısı Qırmızı dənizdəki əməliyyatlardan sonra texniki xidmət və təmir üçün Yunanıstanın Krit adasındakı Suda körfəzi hərbi dəniz bazasına gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: USS-Tripoli   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin