Ordu.az xəbər verir ki, ASELSAN-ın kosmos əsaslı Əşyaların İnterneti (IoT) həlli çərçivəsində hazırlanmış seriyanın ikinci peyki uğurla kosmosa buraxılıb.
Yüksək texnologiya sahəsində əldə etdiyi təcrübəni kosmos sahəsinə də qətiyyətlə daşıyan ASELSAN kosmos əsaslı “IoT” həlli çərçivəsində hazırladığı seriyanın ikinci peyki olan LUNA-2-ni 2026-cı il martın 30-da ABŞ-nin Kaliforniya ştatından “SpaceX” vasitəsilə uğurla orbitə göndərib.
Yeni kosmos dövrünün formalaşdırdığı qlobal transformasiya prosesində ASELSAN milli mühəndislik gücü və orijinal sistem həlləri ilə Türkiyənin kosmos ekosisteminə yüksək əlavə dəyər verməyə davam edir. Peyk rabitə sistemlərindən tutmuş faydalı yüklərə, yerüstü idarəetmə infrastrukturlarından platforma həllərinə qədər geniş sahədə aparılan işlər ASELSAN-ın bu sahədəki strateji mövqeyini daha da möhkəmləndirir.
Kiçik ölçülərinə (nano peyk) baxmayaraq LUNA-2 yer səthinin ən ucqar nöqtələrində belə təhlükəsiz və fasiləsiz sensor məlumatları təmin edəcək. Peyk xüsusi rabitə sistemi (LoRa) vasitəsilə çox aşağı enerji sərf edərək geniş əraziləri əhatə edəcək.
Milli qabiliyyətlərə əsaslanan həll
LUNA-2-nin layihələndirilməsi, hazırlanması, istehsalı, inteqrasiyası və sınaqları tam şəkildə ASELSAN tərəfindən həyata keçirilib. Uçuş proqram təminatı, yerüstü idarəetmə proqramları, faydalı yük kimi istifadə olunan “LoRa” ötürücü-qəbuledici kartı və məlumat ötürmə qurğusu ASELSAN mühəndisləri tərəfindən daxili resurslar hesabına hazırlanaraq milli qabiliyyətlərə əsaslanan həll təqdim edilib.
LUNA-2-nin uğurla kosmosa buraxılması ASELSAN-ın kosmos əsaslı “IoT” sahəsindəki imkanlarını daha da gücləndirir və Türkiyənin müstəqil, rəqabətqabiliyyətli və davamlı kosmos texnologiyaları vizyonuna mühüm töhfə verir.
Kosmos əsaslı Əşyaların İnterneti
ASELSAN jurnalının 115-ci sayında yer alan məlumata görə, “IoT” məlumatları bulud sistemlərində emal edilərkən, yerüstü şəbəkələrin çatmadığı ərazilərdə məlumat ötürülməsi üçün əsasən aşağı Yer orbitli (LEO) peyklərdən istifadə olunur. Bu peyklər aşağı xərc və aşağı gecikmə üstünlüyü ilə yanaşı, fasiləsiz qlobal əhatə yaratmaq üçün bir-biri ilə əlaqəli çoxsaylı qruplar şəklində fəaliyyət göstərir.
Bu peyk qrupları batareya ilə işləyən aşağı sürətli sistemlər (nano peyklər) və şəbəkə enerjisi/böyük antena tələb edən yüksək sürətli sistemlər olaraq iki yerə bölünür. “IoT” arxitekturasında məlumat ötürülməsi ya birbaşa obyektlərdən peykə, ya da məlumatı toplayan keçid qurğusu (gateway) vasitəsilə həyata keçirilir.
“IoT” texnologiyasının tətbiq sahələrinə kənd təsərrüfatı və heyvandarlıq, iqlim və fəlakət idarəetməsi, dənizçilik, daşımalar və avtonom sistemlər daxildir. Kənd təsərrüfatında torpaq rütubəti, mineral səviyyəsi və heyvan sağlamlığı davamlı izlənilərək məhsuldarlıq artırılır və xəstəliklər erkən mərhələdə aşkar edilir. İqlim və fəlakət idarəetməsində su anbarlarının doluluq səviyyəsi, quraqlıq riski və meşə yanğınları erkən mərhələdə müəyyən edilərək tədbirlər görülür. Dənizçilik və daşımalar sahəsində gəmilər, qatarlar və yük avtomobilləri qlobal səviyyədə izlənərək yük təhlükəsizliyi təmin edilir və marşrutla yanacaq səmərəliliyi optimallaşdırılır. Avtonom sistemlərdə isə yüksək dəqiqlikli mövqeləndirmə, nəqliyyat vasitələri arasında rabitə, trafik analizi və uzaqdan nasazlıq diaqnostikası ilə daha təhlükəsiz idarəetmə təmin olunur.
Bu baxımdan kosmos əsaslı “IoT” texnologiyası strateji sahələrdə dayanıqlılıq və operativ üstünlük təmin edir.
Sevinc Əliyeva
Ordu.az