Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan KİV-ləri qeyd edir ki, ötən ilin iyununda prokurorluq məhkəməyə iddia ərizəsi təqdim edərək Ermənistan Müdafiə Nazirliyi ilə Qabrielyan arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, sahənin natura şəklində geri qaytarılması mümkün olmadığı halda isə onun dəyərinin ödənilməsini tələb etmişdi. Söhbət İrəvan şəhərinin Malatiya-Sebastiya rayonunda, “Yerablur” adlanan təpələrin yaxınlığında yerləşən 0,2092 hektar sahədən gedir. Bu torpaq sahəsi 2005-ci ildə Müdafiə Nazirliyi tərəfindən 18,8 milyon dram qarşılığında Qabrielyana satılıb.
Qabrielyan 2022-ci ilin avqustunda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində aparılan cinayət işi çərçivəsində şahid qismində dindirilərkən bildirib ki, 2005-ci ildə həmin ərazidə təxminən 2000 kvadratmetr torpaq sahəsini Müdafiə Nazirliyindən alıb və bir müddət sonra onu yenidən satıb.
Keçmiş ermən vəzifəli şəxs izah edib ki, torpaq sahəsi onun adına alınıb, daha sonra özgəninkiləşdirilib və ona mənzil almaq üçün vəsait ayrılıb. Yəni, sövdələşmə onun mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyıb.
Lakin Baş Prokurorluq qeyd edib ki, Müdafiə Nazirinə dövlət əmlakını, o cümlədən birbaşa satış yolu ilə idarə etmək səlahiyyəti verilsə də, bu fakt torpaq qanunvericiliyinin tələblərindən kənara çıxmağa əsas vermir. Prokurorluğun mövqeyinə görə, 2005-ci il mayın 2-də bağlanmış müqavilə qanun pozuntusu ilə imzalanıb, çünki torpaq sahəsi yalnız hərrac yolu ilə satılmalı idi.
Cavabdeh tərəf isə bildirib ki, dövlət maraqlarının pozulması ilə bağlı iddia qaldırmaq səlahiyyəti Müdafiə Nazirliyinə məxsusdur və Baş Prokurorluq bu iş üzrə uyğun iddiaçı deyil. Bundan əlavə, onların fikrincə, müqavilənin bağlandığı 2005-ci ildən etibarən nazirlik bu faktı bilməli idi, buna görə də iddia müddəti 2006-cı ildə başa çatıb.
Məhkəmə 2025-ci il 10 noyabr tarixli iclasında bu iş üzrə bir illik qısaldılmış iddia müddətinin tətbiq olunmalı olduğunu müəyyən edib. Qərarda qeyd olunub ki, prokurorluq ən geci 2022-ci il fevralın 17-dən etibarən iddia üçün əsas olan hallardan xəbərdar olmalı idi, lakin iddia yalnız 2025-ci il iyulun 3-də təqdim edilib və bu da qanunla müəyyən edilmiş müddətin pozulması deməkdir.
Nəticədə məhkəmə iddianı iddia müddətinin ötürülməsi əsasında rədd edib və prokurorluqdan Qabrielyanın xeyrinə 300 min dram vəkil xərci tutulmasına qərar verib. 2026-cı il martın 16-da isə Apellyasiya Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini geri qaytarıb.
Qərardan belə nəticə çıxır ki, ya baş prokuror Anna Vardapetyan dövlət maraqlarının pozulması barədə vaxtında məlumatlı olmayıb, ya da bu müddətləri bilərəkdən uzadaraq iddianın gec təqdim olunmasına şərait yaradıb.
Alpər Mövludoğlu
Ordu.az