Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, zədələnmiş tarixi obyektlərin sayı 114-dən 131-ə yüksəlib. Siyahıya dünya, milli və regional əhəmiyyətli abidələr daxildir. Qurum bunu zərərin miqyasının getdikcə artmasının göstəricisi kimi qiymətləndirib və bəşəriyyətin ortaq mədəni irsinin qorunması üçün beynəlxalq ictimaiyyətin təcili müdaxiləsi və diqqətinin vacibliyini vurğulayıb.
Açıqlamada həmçinin qeyd olunur ki, İranın 10 vilayətində 64 turizm obyekti zədələnib. Bunların sırasında hotellər, xidmət və məişət kompleksləri, turizm agentlikləri və ictimai iaşə müəssisələri yer alır.
Mədəniyyət Nazirliyi əlavə edib ki, ölkədə 50 muzey də zərər görüb. Onların arasında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Gülüstan sarayı da var.
Nazirliyin məlumatına görə, Səadabad saray kompleksinin 14 muzeyi və Gülüstan sarayına daxil olan 7 muzey də ziyan görüb.
Qeyd edək ki, Gülüstan Tehran şəhərinin ən qədim saray komplekslərindən biridir. O, XVIII əsrin sonlarında İranda hakimiyyətə gəlmiş Qacarlar sülaləsinin şahlarının iqamətgahı olub. Fars dilindən tərcümədə Gülüstan “qızılgül sarayı” və ya “çiçəklər sarayı” mənasını verir. 2013-cü ildən etibarən bu kompleks UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Sevinc Əliyeva
Ordu.az