Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.
Məlumata görə, bunu İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Berutti Berqotto martın 25-də Senatın Xarici əlaqələr və Müdafiə Komitəsində çıxışı zamanı deyib. O bildirib ki, “Baykar” şirkətinin hazırladığı TB3 sistemi “Cavour” aviadaşıyıcısında inteqrasiya oluna bilər və bu platforma həm müşahidə, həm də silah daşımaq imkanına malikdir.
Qeyd olunur ki, alış “Leonardo” vasitəsilə həyata keçiriləcək. Bu isə İtaliya ilə Türkiyə arasında pilotsuz sistemlər sahəsində sənaye əməkdaşlığının gücləndiyini göstərir. TB3-ün “Bayraktar TB2”nin dəniz əməliyyatlarına uyğunlaşdırılmış versiyası olduğu, qısa uçuş zolaqlı gəmilərdən istifadə üçün hazırlandığı vurğulanır.
Mənbə bildirir ki, bu addım İtaliyanı TB3-ün Avropadakı ilk operatoruna çevirə bilər. Platforma kəşfiyyat, müşahidə, hədəfləmə və məhdud zərbə missiyaları üçün nəzərdə tutulur. TB3-ün “Cavour”da istifadəsi İtaliyanın daşıyıcı əsaslı aviasiya imkanlarını genişləndirəcək və F-35B qırıcıları ilə birlikdə daha çevik əməliyyat modelinin formalaşmasına şərait yaradacaq.
Sevinc Əliyeva
Ordu.az