İran ermənisi: “İrana qarşı müharibə illərlə davam etməyəcək, lakin qarşıdakı iki həftədə hələ də döyüşlərin şahidi olacağıq”

2026/03/1774774230.jpg
Oxunub: 506     12:47     29 Mart 2026    
“Ötən gündən etibarən görürük ki, müharibə tamamilə yeni keyfiyyət mərhələsinə, enerji sistemlərinin hədəfə alınması mərhələsinə keçib və bu prosesi İsrail başladıb”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik, Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

“ABŞ prezidenti Donald Tramp bildirib ki, bu zərbələrdən xəbəri olmayıb, lakin Amerika mətbuatı artıq iddia edir ki, ABŞ bu hücumlar barədə məlumatlı olub. Bu isə o deməkdir ki, əgər proses bu şəkildə davam etsə və tərəflər bir-birinin enerji infrastrukturunu hədəf almağa davam etsələr, müharibə təkcə cəbhədən çıxaraq iqtisadi müstəviyə keçəcək. Bu isə beynəlxalq enerji bazarına və ümumilikdə qlobal iqtisadiyyata çox ciddi təsir göstərəcək. İndi gözləmək lazımdır ki, hadisələr necə inkişaf edəcək.

Unutmamalıyıq ki, İran bəyan edib: əgər onun qeyri-hərbi infrastrukturu hədəfə alınarsa, cavab da asimmetrik olacaq. Bildiyimiz kimi, İran simmetrik cavab vermir, yəni müharibənin taktikasını dəyişərək asimmetrik zərbələrə üstünlük verir”, - deyə o bildirib.

Şahnazaryan qeyd edib ki, hazırda neftin bir barelinin qiyməti artıq 114 dolları keçib.

“Maye qazın emalı üzrə bütün infrastruktur hədəfə alınacaq və bunun nəticəsində Avropa, ümumilikdə isə dünya maye qaz çatışmazlığı problemi ilə üzləşəcək. Bu, neft qiymətlərinin artımından heç də az əhəmiyyətli məsələ deyil”, - deyə Şahnazaryan vurğulayıb.

İsrail və ABŞ-nin İranın ali rəhbərliyini hədəfə alaraq hakimiyyəti sarsıtmağa çalışması məsələsinə toxunan erməni ekspert bildirib: “İsrail və ABŞ sistemin əsas fiqurlarını aradan götürmək yolu ilə bu taktikanı müharibənin ilk günündən tətbiq edir. Bu proses daha əvvəl də, ABŞ qüvvələri bir neçə il əvvəl general Qasım Süleymanini hədəfə alanda başlamışdı. Lakin fakt budur ki, sistem zəifləməyib, fəaliyyətini dayandırmayıb və çökməyib.

Onların hesablaması ondan ibarətdir ki, ölkənin ali dini lideri hədəfə alınarsa, sistem bir-iki günə dağılacaq. Amma bu baş vermədi, çünki İran 47 ildir belə itkilərə öyrəşib”.

Şahnazaryan xatırladıb ki, 1981-ci ildə İranda ciddi daxili qarşıdurmalar olub, silahlı üsyan baş verib, bir çox əsas fiqurlar, o cümlədən Ayətullah Beheşti, prezident və baş nazir öldürülüb, lakin hakimiyyət böhranı dəf edə bilib.

“Eyni vəziyyəti bu müharibədə də görürük. Bəli, böyük təcrübəyə malik əsas fiqurlar, o cümlədən mərhum Əli Laricani var idi. Onların itkisi zərbədir, amma onları əvəz edənlər də var. Teorik olaraq bu ehtiyat tükənə bilər, amma bu yalnız nəzəri ehtimaldır.

ABŞ və İsrail bir mühüm amili nəzərə almır: bu şəxslərin aradan götürülməsi ilə onların yerinə İslam inqilabından sonrakı ikinci nəsil daha radikal fiqurlar gəlir. Son hadisələr göstərir ki, siyasi və hərbi imkanlar getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun əlində cəmlənir və bu qurum daha radikal mövqedədir.

Məsələn, Əli Laricani ABŞ ilə danışıqlar aparmağı bacarırdı və onun praqmatik yanaşmaları məlum idi. İndi isə prosesin hansı istiqamətdə inkişaf edəcəyi qeyri-müəyyəndir”, - deyə o bildirib.

Müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq Şahnazaryan deyib: “Mən hesab etmirəm ki, müharibə illərlə davam edəcək. İran belə ssenariyə hazır olduğunu bildirib, amma yaxın günlərdə də müharibənin bitəcəyini düşünmürəm. Hesab edirəm ki, ən azı qarşıdakı iki həftə ərzində döyüşlərin şahidi olacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahnazaryan   İran  


Bizi "telegram"da izləyin