Ermənistanın sabiq ombudsmanı: “Köçəryanın iştirakı yalnız Paşinyana əlavə legitimlik qazandıracaq”

2026/03/1774767507.jpg
Oxunub: 475     10:57     29 Mart 2026    
“Seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının qələbə qazanacağı və Nikol Paşinyanın yenidən seçiləcəyi halda, Ermənistanı yeni müharibə gözləyir”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın keçmiş ombudsmanı, “Birliyin Qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan deyib.

Onun sözlərinə görə, Paşinyanın məğlub olacağı təqdirdə müharibənin qaçılmaz olacağı ilə bağlı səsləndirdiyi fikirlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır, çünki bu bəyanatlar Ermənistanın maraqlarına ziddir.

Tatoyan qeyd edib ki, Paşinyan insanların qorxuları üzərində “oynayır”. “Lakin başqa məsələ də var ki, Paşinyan analar və onların qorxuları haqqında düşünmür. O, sadəcə bilir ki, qorxular mövcuddur və seçkilər ərəfəsində insanları çıxış yolu olmadığına inandırmaq üçün bunu alətə çevirir. Paşinyanın partiyası məhz müharibə partiyasıdır. Onun yenidən seçilməsi Ermənistan üçün real müharibə təhlükəsi yaradır. Paşinyan və “Vətəndaş Müqaviləsi” ya bunu anlamır, ya da anlayaraq qəsdən belə davranır. Azərbaycana edilən daimi güzəştlər irəli getmək və daha çox tələb etmək üçün açıq dəvətdir. Onlar xalqın gücünə inanmır və məhz öz məğlubiyyətçi psixologiyalarına görə onu daha da zəiflətmək üçün hər şeyi edirlər”, - deyə Tatoyan vurğulayıb.

Tatoyan eyni zamanda Ermənistanın ikinci prezidenti Robert Köçəryana çağırış edərək onu birinci və üçüncü prezidentlərin nümunəsini izləməyə və seçkilərdə iştirakdan imtina etməyə səsləyib. Onun fikrincə, seçicilərin bir hissəsi tərəfindən qəbul edilməyən Robert Köçəryanın iştirakı yalnız Paşinyana əlavə legitimlik qazandıracaq.

Tatoyan hesab edir ki, Paşinyanın müharibə mövzusunu gündəmə gətirməsi Köçəryanın bəyanatları ilə də bağlıdır. “İkinci prezidentin iştirakı mənim üçün suallar yaradır: ya bu, biznes maraqlarını qorumaq üçündür, ya Paşinyanın hakimiyyəti dövründə müxalifətdə yer almaq üçündür, ya da hər ikisi. Bu isə Paşinyanın yenidən seçilməsinin qarşısını almaq üçün kollektiv səylərə mane olur”, - deyə Tatoyan bildirib.

Ümumilikdə, Tatoyanın sözlərinə görə, Paşinyan sanki vampir kimi əvvəlki illərin uğursuzluqlarından “qidalanır” və bunu fərdiləşdirilmiş formada edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tatoyan  


Bizi "telegram"da izləyin