Erməni polkovnik: “Ermənistanın sərhədləri heç vaxt bu qədər həssas olmayıb”

2026/03/1774767408.jpg
Oxunub: 465     10:52     29 Mart 2026    
“Ermənistanın sərhədləri heç vaxt bu qədər həssas olmayıb. Ölkə təhlükəsizlik məsələlərinin artıq ekzistensial xarakter aldığı prinsipial olaraq yeni reallıqda yerləşir”.

Ordu.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının üzvü, təhlükəsizlik məsələləri üzrə komandanın rəhbəri, erməni kəşfiyyat polkovniki Artur Avanesyan deyib.

Avanesyanın sözlərinə görə, konfransın keçirilməsi üçün Cermukun platforma kimi seçilməsi təsadüfi deyil.

O qeyd edib ki, 2022-ci ildən etibarən əvvəllər ən təhlükəsiz turizm mərkəzlərindən biri sayılan şəhər faktiki olaraq sərhədyanı zonaya çevrilib.

Avanesyan bildirib ki, Qarabağ hadisələrindən sonra təzyiq daha da artıb.

“Ermənistanın sərhədləri heç vaxt bu qədər həssas olmayıb. Biz heç vaxt xəritədə bu qədər kiçik əraziyə malik olmamışıq”, - deyə Avanesyan bildirib və qeyd edib ki, bu reallıq cəmiyyətdə gərginlik yaratsa da, eyni zamanda daha böyük birləşmə tələb edir.

Çıxışında Avanesyan hakimiyyəti kəskin tənqid edərək soruşub ki, onların “öz xalqına və milli dəyərlərə qarşı bu qədər nifrəti haradan qaynaqlanır”?

Onun fikrincə, hakimiyyətin apardığı parçalanma siyasəti davamlı nəticələr verə bilməz.

Avanesyan qeyd edib ki, müasir dünya genişmiqyaslı transformasiya yaşayır, o cümlədən müharibələrin xarakteri dəyişir və beynəlxalq təhlükəsizlik institutları zəifləyir. “Qlobal təhlükəsizlik sistemi dağılır, milli mexanizmlər zəifləyir”, - deyə o bildirib və vurğulayıb ki, belə şəraitdə Ermənistan üçün öz çəkindirmə mexanizmlərinin qurulması həyati əhəmiyyət daşıyır. O, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin, müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinin və yeni reallıqlara uyğun effektiv təhlükəsizlik sisteminin formalaşdırılmasının vacibliyini qeyd edib.

Avanesyan siyasi dəyişikliklərin zəruriliyini də vurğulayıb: “Ermənistana yeni və güclü lider lazımdır və mən inanıram ki, növbəti baş nazir Samvel Karapetyan olacaq. Mən sülhün qiymətini yaxşı bilirəm və davamlı, uzunmüddətli, güclü sülhü necə təmin etməyi bilirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin