Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yazıb.
“Onsuz da bunun üçün onlarla təkzibedilməz və əsaslandırılmış səbəb var ki, aydın olsun: Paşinyan iyunun 7-də getməlidir.
Azərbaycanla danışıqların iflasından və müharibənin başlanmasına gətirib çıxaran addımlardan tutmuş, həmin müharibənin ağır məğlubiyyətlə nəticələnməsinə, daha sonra Qarabağın tam itirilməsinə qədər bunların hamısı bu siyahıya daxildir. Buna əlavə olaraq Ermənistanın ərazi bütövlüyünün davamlı şəkildə pozulması, həmçinin Konstitusiyanın zəiflədilməsi, məhkəmə sisteminin nüfuzdan salınması, vətəndaş hüquqları və söz azadlığının sistemli şəkildə məhdudlaşdırılması qeyd olunur”, - deyə o qeyd edib.
Oskanyan bildirib ki, Paşinyanın “nailiyyətləri” sırasına cəmiyyətin dərin parçalanması, dövlət sisteminin zəiflədilməsi, büdcə vəsaitlərindən sui-istifadə, Erməni Apostol Kilsəsinə təzyiqlər, diasporla əlaqələrin zəifləməsi və bütün bunların fonunda Ermənistanın beynəlxalq nüfuzunun azalması daxildir.
“Bu siyahını daha da uzatmaq olar. Xüsusilə indi, İran kimi Ermənistanın birbaşa qonşuluğunda müharibə getdiyi və artıq bütün Yaxın Şərqə yayıldığı bir vaxtda, Paşinyanın getməsi üçün əlavə ciddi səbəb yaranır.
Bu müharibənin nəticəsi necə olursa olsun, iyunun 8-nə qədər region artıq əvvəlki kimi olmayacaq. Bu region ölkələrinə münasibətdə iştirakçı qüvvələrin yanaşması və gözləntiləri də dəyişəcək. Bizi çox çətin dövr gözləyir. Paşinyan isə göstərdi ki, o, hətta daha sabit dövrlərdə belə, məsələn, 2018-2020-ci illərdə Ermənistanı idarə edə biləcək şəxs deyil.
Son səkkiz il ərzində o, demək olar ki, bütün sahələrdə dərin məlumatsızlıq və bacarıqsızlıq nümayiş etdirib. 2018-ci ildə ona ölkənin idarəçiliyini həvalə etməklə səhv etdik. 2021-ci ildə onu yenidən hakimiyyətə gətirməklə ikinci səhvi etdik. Üçüncü səhvi etməyə haqqımız yoxdur.
İyunun 7-də Paşinyan getməlidir. Mövcud vəziyyətdə və onsuz da mürəkkəb olan regionda ölkəyə rəhbərlik etmək onun imkanlarına uyğun deyil. Təcrübə göstərdi ki, o, heç vaxt buna uyğun olmayıb”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az