Ordu.az xəbər verir ki, Gürcüstanda siyasi hüquqlar və vətəndaş azadlıqları birlikdə mümkün 100 baldan 51 bal ilə qiymətləndirilib.
0 bal “ən qeyri-azad”, 100 bal isə “ən azad” statusuna uyğundur.
Ötən il Gürcüstanın göstəricisi 55 bal, 2024-cü ildə isə 58 bal olub.
Gürcüstan bir il ərzində dünyada ən böyük geriləmə yaşayan yeddi ölkədən biridir. Gürcüstandan daha çox xal itirən ölkələr yalnız Qvineya-Bisau (-8), Tanzaniya (-7), Burkina-Faso (-5), Salvador (-5) və Madaqaskardır (-5).
Hesabatda qeyd olunur: “2024-cü ildə Gürcüstanda başlayan genişmiqyaslı hökumət əleyhinə etiraz aksiyaları 2025-ci il ərzində də davam edib, halbuki etirazçılar polis tərəfindən tətbiq olunan qeyri-mütənasib güc və pis rəftarla üzləşirdilər. Hakim “Gürcü Arzusu” partiyasının tənqidçiləri fiziki hücumlara, təqiblərə və müxalif partiyaların və vətəndaş cəmiyyətinin ictimai fəaliyyətlərdə iştirakını məhdudlaşdırmağa yönəlmiş yeni hüquqi məhdudiyyətlərə məruz qalıblar”.
Hesabatda həmçinin bildirilir ki, Gürcüstanda hökuməti tənqid edən professorlar vəzifələrindən azad edilib və bu, hakim “Gürcü Arzusu” partiyasının təhsil sistemi üzərində siyasi nəzarətini genişləndirmək cəhdlərinin bir hissəsidir.
Alpər Mövludoğlu
Ordu.az