Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi bəyanat yayıb.
“Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 9-cu maddəsinin b) bəndinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv olan heç bir dövlət öz hava məkanından istifadə ilə bağlı ayrı-seçkilik tətbiq edə bilməz. Bu baxımdan Ermənistan heç bir ölkəyə, o cümlədən Azərbaycanın mülki təyyarələrinə qarşı hava məkanından istifadə ilə bağlı hər hansı qadağa tətbiq etməyib.
Ermənistanın qanunvericiliyinə və beynəlxalq qəbul olunmuş prosedurlara uyğun olaraq, Ermənistanın hava məkanı üzərindən həyata keçirilən hər bir beynəlxalq kommersiya tranzit uçuşu aviaşirkət tərəfindən təqdim olunan uçuş planına əsasən icra olunur və ICAO üzv dövlətləri arasında əlavə razılaşmaya ehtiyac yoxdur.
Ermənistanın hava məkanından istifadəyə hər hansı məhdudiyyət tətbiq olunarsa, bu barədə məlumat müəyyən edilmiş qaydada NOTAM bildirişləri vasitəsilə yayımlanır.
Ermənistanın hava məkanı üzərindən həyata keçirilən hər bir beynəlxalq tranzit uçuşla bağlı məlumat (uçuş planı) hava hərəkətinin idarə olunması xidməti tərəfindən müvafiq dövlət qurumlarına təqdim olunur”, - deyə bəyanatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az