Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Sputnik Armenia” nəşri yazıb.
“Sputnik Armenia” qeyd edib ki, martın 8-də Türkiyənin “Sierra Aviation” şirkətinə məxsus “Gulfstream” G-IV(SP) biznes təyyarəsi İrəvan-Ankara marşrutu üzrə uçuş həyata keçirib. Sosial şəbəkə istifadəçiləri və açıq mənbələr əsasında kəşfiyyat (OSINT) ilə məşğul olan şəxslər bu təyyarəni Türkiyənin xüsusi xidmət orqanları ilə əlaqələndirirlər.
“Uçuşların coğrafiyası da göstərir ki, təyyarə böyük ehtimalla adi kommersiya məqsədləri üçün istifadə olunmayıb. Belə ki, hava gəmisi mütəmadi olaraq Yaxın Şərq (Oman, BƏƏ, Səudiyyə Ərəbistanı) və Afrika (Liviya, Misir, Sudan) ölkələrinə uçuşlar həyata keçirir.
Bundan əlavə, təyyarə bir dəfə Albaniyanın baş naziri Edi Rama üçün də istifadə olunub”, - deyə nəşr qeyd edib.
Uçuşların maraqlı tarixçəsini nəzərə alaraq, Ermənistan XİN-dən soruşulub ki, Türkiyədən hər hansı nümayəndə heyəti İrəvana gəlibmi? Bildirilib ki, xarici siyasət qurumu üzrə belə qonaqlar olmayıb.
Alpər Mövludoğlu
Ordu.az