Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsə aid edilən və məhkəmə tərəfindən təsdiqlənmiş əməl dövlətə xəyanət deyil, vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərdən və ya onlarla bağlı təsirdən sui-istifadə etmə və ya səlahiyyət həddini aşma cinayət tərkibinə uyğundur.
Təqsirləndirilənin vəkili Abqar Poğosyan “Aysor.am”a açıqlamasında bildirib:
“Sonrakı addımlarımızın əsas motivasiyası ondan ibarətdir ki, gələcəkdə digər şəxslər mümkün qədər belə vəziyyətlərə düşməsinlər, eyni zamanda dövlət şəxslə bağlı müsbət öhdəliklərini yerinə yetirsin. Nəzərə almaq lazımdır ki, bu halda şəxs ibtidai istintaq sirri ilə qorunan iş çərçivəsində təqsirləndirilən qismində çıxış edib.
Məlumat sızması baş verib və üstəlik, tamamilə saxta məlumat sızması olub. Yəni bu sızmada reallıqla üst-üstə düşən heç bir məlumat olmayıb, yalnız bir məqam istisna olmaqla ki, təqsirləndirilən XİN əməkdaşıdır. Buna görə də burada dövlətin vətəndaşı belə müdaxilələrdən qorumaq öhdəliyi də mövcuddur, çünki təqsirləndirilən şəxsin də bu qorunmaya hüququ və ehtiyacı var. Üstəlik, adətən məhz təqsirləndirilən şəxslər ədalətə və ədalətli münasibətə daha çox ehtiyac duyurlar.
Bu şəraitdə, təbii ki, bütün mümkün hüquqi mexanizmlər vasitəsilə pozulmuş hüquqların bərpasına nail olmağa çalışacağıq. Aydındır ki, bu hüquqlar artıq əvvəlki kimi tam bərpa olunmayacaq, lakin müəyyən qədər bərpası istiqamətində müvafiq addımlar atılacaq”.
Erməni vəkilin sözlərinə görə, bu mərhələdə konkret addımlar barədə danışmaq hələ tezdir, çünki yalnız birinci instansiya məhkəmə aktı mövcuddur.
“Təbii ki, prokurorluq qərardan Apellyasiya Cinayət Məhkəməsində şikayət verəcək, müdafiə tərəfi də bizim razılaşmadığımız ittihamedici hökm hissəsi ilə bağlı şikayət verəcək.
Biz ardıcıl şəkildə məlumat sızmasının haradan baş verdiyini müəyyənləşdirməyə və məsul şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmağa, həmçinin bu kimi halların təkrarlanmasının qarşısını almağa çalışacağıq. Qeyd etdiyim kimi, iş ibtidai istintaq sirri ilə qorunurdu və hətta real məlumat sızması belə problemli olardı. Halbuki bu halda həqiqətə uyğun olmayan məlumatlar yayılıb, bundan sonra isə şəxsin, gənc qadının fotosu yayılıb və ona böyük ölçüdə geri qaytarılması mümkün olmayan zərər vurulub.
Buna baxmayaraq, biz bu məsələni mütləq davam etdirəcəyik, lakin daha konkret addımlar barədə iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra danışmaq mümkün olacaq”, - deyə Poğosyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az