“Past”: Torpaq ayaqlar altından qaçanda

2026/03/1773688082.jpg
Oxunub: 413     10:16     24 Mart 2026    
Erməni Apostol Kilsəsinə qarşı özünün başladığı kampaniyada uğursuzluğa düçar olduqdan sonra Nikol Paşinyan həftəsonlarını “şən avtobus”la gəzintilərə sərf edir, yolboyu nümayişkaranə şəkildə müxtəlif şeylər yeyir, Ermənistan konturlu təbliğat nişanları paylayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Torpaq ayaqlar altından qaçanda” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, hətta ötən gün metroya da daxil olmuşdu, amma görünür bunun faydasız olduğunu anlayıb.

“Əsas məsələ isə odur ki, onunla görüş üçün xüsusi “toplanmış” insanlardan başqa real vətəndaşların olduğu bütün məkanlarda kəskin narazılıq müşahidə olunur. Hətta açıq nifrət ifadə edilir və bu, kifayət qədər nəzərəçarpandır. Belə hallarda etirazlar, mübahisələr yaranır, çoxsaylı problemlər səsləndirilir.

Bunu yalnız həmin an orada olanlar deyil, həm də canlı yayım və ya hadisə yerindən reportajları izləyən minlərlə insan görür. Onlar görür ki, Nikol Paşinyan açıq şəkildə rədd olunur.

Paşinyan özü də bunu görür. Belə təəssürat yaranır ki, o, təbliğat avtobusundan yalnız qalmaqal yaratmaq, qarşısına çıxan insanlarla mübahisə etmək, qışqırmaq üçün düşür. Kiçik bir etiraz belə olduqda (son günlər isə bunlar heç də kiçik deyildi) o, özünü itirir. Yəni sosial şəbəkələrdə formalaşdırılmış süni mühitdən kənarda, real insanların arasında olanda özünə nəzarəti itirir və təhqiramiz ifadələr işlədir. Məsələn, Qarabağ müharibəsində ölmüş bir komandirin qızına qarşı dedikləri, sonra bunu inkar etməsi və az sonra üzr istəməsi buna nümunədir”, - deyə KİV vurğulayıb.

Məqalədə qeyd edilib ki, onun bu davranışının bir neçə səbəbi var.

“Birincisi, o, öz reytinqinin çox aşağı olduğunu və əks reytinqinin 68-70 faiz civarında dəyişdiyini yaxşı bilir. Bu, Ermənistanın əvvəlki rəhbərləri ilə müqayisədə rekord dərəcədə yüksək mənfi göstəricidir. Bildirilir ki, bu göstəricilər Beynəlxalq Respublika İnstitutunun (IRI) sorğularında da əks olunub, lakin sonradan həmin məlumatlar açıqlanmayıb.

İkinci səbəb budur ki, o, hakimiyyəti itirə biləcəyini hiss edir. Müxtəlif sorğulara görə, Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku və Samvel Karapetyanın “Güclü Ermənistan” təşəbbüsü seçkilərdə ciddi üstünlük qazana bilər.

Üçüncü səbəb isə Paşinyanın cəmiyyətə qarşı mənfi münasibətidir. O, yalnız inzibati resursla gətirilmiş insanlara müsbət davranır, lakin real etirazla qarşılaşdıqda aqressivləşir”, - deyə nəşr bildirib.

KİV metroda baş verən insidentə də toxunub və yazıb ki, Paşinyan Qarabağdan könüllü şəkildə köç etmiş bir qadına qarşı sərt ifadələr işlədib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin