Ordu.az xəbər verir ki, bunu bu gün parlamentdə jurnalistlərlə brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Fərz edək ki, orada qapılar açılır, deyilir ki, gəlin, buradan da getmək istəyənlər gedir. Xahiş edirəm, mənə şərtləri təsvir edin, tam olmasa da, heç olmasa qismən. Bu o deməkdirmi ki, gedib “müstəqil dövlət” olursunuz, yoxsa Azərbaycan vətəndaşı olursunuz, Azərbaycan pasportu ilə məktəbə gedirsiniz, harada erməni dili yoxdur? Yoxsa, məsələn, həmin ərazidə polis orqanlarında mütləq erməni milliyyətindən olan əməkdaşlar olmalıdır, yoxsa azərbaycanlı polis normaldır? Məhkəmə necə olacaq? Bu kimi onlarla sual var. Çünki bu sualın cavabından çox şey asılıdır və Ermənistan vətəndaşları da həmin insanların səmimiliyini görə bilərlər. Keçmişdə onlar maksimumu tələb edirdilər, biz isə deyirdik ki, meyarı aşağı salaq, həll yolları tapılar, buna görə bizi milli maraqlara xəyanətdə ittiham edirdilər.
İndi baxaq, bəlkə məlum olacaq ki, onların meyarı bizim o vaxt danışdığımız meyardan on dəfələrlə aşağıdır. Mən qorxuram ki, məhz belə də çıxacaq, buna görə də həmin şəxslər “qayıdış” deyərkən nəyi nəzərdə tutduqlarını konkretləşdirmirlər. Xahiş edirəm, o insanları görəndə mənim adımdan sual verin, deyin ki, Ararat Mirzoyan sizdən soruşur: qayıdışı necə təsəvvür edirsiniz?”, - deyə erməni nazir bildirib.
O, həmçinin qeyd edib: “Həmin insanlar 30 il ərzində bir xalqı aldadaraq aparıblar, qanını töküblər, yaxşı bilirdilər ki, istədikləri həll real deyil. İnsanlar da yanılmışdı, o cümlədən mən də yanılmışdım. Bunu xüsusi qeyd edirəm ki, düşünməyəsiniz ki, mən özümü bundan kənarlaşdırıram. Onlar insanları aldadıblar və indi də eyni narrativlərlə aldatmaq istəyirlər.
Gəlin aydınlaşdıraq, bizə yönələn ittiham nədən ibarətdir: vaxtında çox ağrılı itkilərə getmədiyimiz üçünmü? Bu bir cavab tələb edən vəziyyətdir. Yoxsa döyüşmədiyimiz üçün? Yoxsa döyüşmüşük, itkilər vermişik, halbuki verməməli idik? Çünki bu ittihamların içində ciddi ziddiyyət var.
Əgər iki fərqli insan bu ittihamlardan birini desə, biri desə ki, siz ağılsız idiniz və həll yollarına getmədiniz, niyə torpaqları vermədiniz, bu bir mövqedir. Digəri isə desə ki, sona qədər döyüşməli idiniz, indi də döyüşün, Ermənistan ilə “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) arasında fərq yoxdur, bu başqa mövqedir.
Amma eyni insanlar bunları deyəndə mənə maraqlıdır: mən nədə günahkaram, torpaqları verdiyimə görə, yoxsa vermədiyimə görə, itkilərin olduğuna görə, yoxsa olmadığına görə?”.
Ararat Mirzoyan əvvəlki mövqeyi bir daha təkrarlayıb ki, hakimiyyət kifayət qədər müdriklik göstərməyib ki, bu qan tökülməsinin qarşısını almaq üçün daha tez və daha böyük güzəştlərə getsin: “Amma bu da ayrıca sualdır, əgər bizdə bu cəsarət və müdriklik olsaydı, bu, Ermənistan cəmiyyəti üçün nə dərəcədə qəbul edilən olardı? Bu da ayrıca araşdırma mövzusudur”.
Alpər Mövludoğlu
Ordu.az