Ermənistan XİN: Bakı hazırkı maddələr saxlanılarsa, sülh sazişini imzalamayacağı barədə xəbərdarlıq edir

2026/01/1769614654.jpg
Oxunub: 592     13:13     23 Mart 2026    
“Danışıqlar prosesində Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələb irəli sürmür”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün parlamentin Xarici əlaqələr komissiyasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Bununla belə, erməni nazir qeyd edib ki, Bakı hazırkı maddələr saxlanılarsa, sülh sazişini imzalamayacağı barədə xəbərdarlıq edir.

Onun sözlərinə görə, İrəvan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycan üçün problemli maddələr yoxdur, xüsusilə də hər hansı ərazi iddiaları mövcud deyil.

“Üstəlik, tərəflər Alma-Ata Bəyannaməsinə istinad edən sənəd imzalayıblar ki, bu da belə iddiaları istisna edir. Digər tərəfdən, əgər kimsə belə iddiaları siyasi və ya başqa platformada görürsə, eyni və ya daha çox dərəcədə bunları Azərbaycanın Konstitusiyasında da görmək olar”, - deyə Mirzoyan iddia edib.

Mirzoyan qeyd edib ki, Azərbaycan Ermənistandan Konstitusiyada dəyişiklik tələb etmir.

“Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Ermənistan Konstitusiyasını dəyişdirmək tələbi irəli sürmür. Amma başqa məsələ var və onlar bunu açıq şəkildə deyirlər. Biz deyəndə ki, Konstitusiyamızı sizinlə müzakirə edə bilmərik, çünki bu, Ermənistanın daxili işidir və danışıqlar mövzusu deyil, onlar deyirlər: “çox yaxşı, bu sizin daxili işinizdir, biz bunu müzakirə etmirik, sadəcə bildiririk ki, Konstitusiyanız bu formada qaldığı müddətdə biz sülh sazişini imzalamağa hazır deyilik”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi artıq bu mövqeyi nəzərə alıb: “Bəli, bu məsələdə tərəflərin yanaşmaları fərqlənir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin