“Past”: Amerikalı ekspertlər Paşinyanın uğursuzluğunu qeyd edirlər

2026/03/1773940623.jpg
Oxunub: 410     17:58     24 Mart 2026    
Parlament seçkiləri ərəfəsində Makkeyn İnstitutu fevral ayında Ermənistana həyata keçirdiyi missiyanın nəticələrinə əsaslanan qiymətləndirmə dərc edib. Missiyanın əsas nəticələrindən biri ondan ibarətdir ki, Erməni Apostol Kilsəsi seçkilər öncəsi mühüm siyasi aktora çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Amerikalı ekspertlər Paşinyanın uğursuzluğunu qeyd edirlər” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, uzunmüddətli tarixi və mədəni amillər sayəsində erməni cəmiyyətində geniş dəstəyə malik olan kilsəyə II Qaregin rəhbərlik edir və hesabatda qeyd olunduğu kimi, o, hazırkı baş nazir Nikol Paşinyana qarşı aktiv kampaniya aparır.

“Digər nəticəyə görə, Ermənistanın dövlət qurumları seçkiöncəsi dövrdə Rusiyanın həyata keçirdiyi hibrid təhdidlərə və siyasi aktorlar arasındakı korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyil. Missiyanın Ermənistana səfəri hakimiyyətə loyallığı ilə tanınan “Maarifləndirilmiş Vətəndaşlar Birliyi” tərəfindən maliyyələşdirilib. Daniel İoannisyan tərəfindən dəvət olunmuş ekspertlər də Nikol Paşinyan və onun komandası üçün ümidverici olmayan nəticələr qeydə alıblar. Faktiki olaraq, amerikalı ekspertlər kilsənin rolunun artdığını və artıq Paşinyan hakimiyyəti üçün ciddi siyasi təhdidə çevrildiyini vurğulayırlar”, - deyə KİV bildirib.

Nəşrə görə, əslində, Paşinyan artıq Erməni Apostol Kilsəsi qarşısında ciddi məğlubiyyətə uğrayıb ki, bu da birbaşa hakimiyyətdən uzaqlaşmaya aparan yol kimi qiymətləndirilir.

“Hər halda, bu hesabatın Qərb strukturları tərəfindən Paşinyana daha böyük dəstək ayrılması üçün istifadə olunacağı gözlənilir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin