Xarici KİV: Qafqaz Kremlin əlindən çıxır: ABŞ Moskvanın keçmiş müttəfiqlərini necə özünə çəkir?

2026/03/1773816072.jpg
Oxunub: 370     14:40     24 Mart 2026    
Moskva Ukraynaya qarşı müharibə ilə məşğul olduğu bir vaxtda, Kremlin özü üçün əsl geosiyasi fəlakət məhz qonşu Qafqazda baş verir.

Ordu.az xəbər verir ki, bu barədə “From-ua.org” nəşri “Qafqaz Kremlin əlindən çıxır: ABŞ Moskvanın keçmiş müttəfiqlərini necə özünə çəkir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ABŞ-nin vitse-prezidenti C.D. Vensin Ermənistan və Azərbaycana səfəri təkcə formal xarakter daşımayıb, eyni zamanda Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş ciddi təzyiq olub. Vaşinqton artıq yumşaq güc siyasəti aparmır, o, öz “kozırları”nı işə salır, milyardlarla dollar dəyərində konkret müqavilələr və strateji layihələr təqdim edir ki, bunlar da Rusiyanın Qafqazdakı mövcudluğunu yerli elitalar üçün mənasız və hətta zərərli edir.

“İrəvanda Vens Nikol Paşinyanla görüşüb və müzakirələr “əbədi dostluq” yox, enerji sahəsində böyük maliyyə layihələri ətrafında aparılıb. Tərəflər Ermənistanın infrastrukturunun tam yenilənməsini nəzərdə tutan çoxmilyardlıq razılaşma hazırlayıblar. Bu isə əslində həmin ölkədə “Rosatom”un mövqeləri üçün ölüm hökmü deməkdir.

Bakıda da vəziyyət Kreml üçün az çətin olmayıb. Venslə İlham Əliyevin görüşü nəticəsində təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə olunub. Lakin Rusiya üçün ən ağrılı məsələ Ermənistan üzərindən keçən yeni nəqliyyat dəhlizi layihəsidir. Bu marşrut materik Azərbaycanı Naxçıvanla birləşdirməyi nəzərdə tutur və Avropa ilə Mərkəzi Asiya arasında birbaşa əlaqə yaradır. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, həm Rusiyanı, həm də İranı kənardan keçir və onları tranzit axınları üzərində təsir imkanlarından məhrum edir”, - deyə KİV bildirib.

Müəllif yazıb ki, Rusiya üçün bu cür ABŞ manevrləri olduqca ağrılı nəticələr doğurur, çünki onun Cənubi Qafqazdakı təsirinin zəifləməsi geri dönməz prosesə çevrilə bilər. Kreml bu əraziləri qorumaq uğrunda mübarizə aparır, lakin müttəfiqlərini və bir zamanlar qlobal təsir aləti olan strateji marşrutları itirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin