Qəhrəmanlıq qanla yazılır: Əliyarovlar ailəsinin müqəddəs amalı

2026/03/gdfgf-1772359058.jpg
Oxunub: 427     16:08     23 May 2026    
Azərbaycan Ordusunun sıralarında sədaqətlə xidmət edən hər bir hərbi qulluqçu ailəsinin qüruru və Vətənin güvənc yeridir. Gizir Əkbər Əliyarov da məhz belə hərbi qulluqçulardandır. O, kökü şəhidliyə, qəhrəmanlığa, mübarizliyə söykənən bir nəslin davamçısı, peşəsinə vicdanla yanaşan bir Azərbaycan hərbçisidir.

İsmayıllı rayonunun Qoşakənd kəndində dünyaya göz açan Əkbər Əliyarov üçün Vətən anlayışı uşaq yaşlarından sadəcə söz yox, həyat fəlsəfəsi olub. Belə ki, ta əvvəlindən bu ailədə vətənpərvərlik danışılmırdı - yaşanırdı.

Atası Yəhya Əliyarov Birinci Qarabağ müharibəsinin veteranı olaraq ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərin canlı şahidi olub. Əmisi Vaqif Əliyarov isə həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq əbədi şücaət səhifəsi yazıb.

Belə bir mühitdə böyüyən Əkbər Əliyarov üçün hərbi xidmət sadəcə peşə seçimi deyil, həm də mənəvi borc olub.

Gizir Ə.Əliyarov həmin illəri belə xatırlayır: "Mənim üçün hərbçi olmaq bir mirasdır. Uşaq yaşlarımdan evimizdə döyüş xatirələri, Vətən uğrunda fədakarlıq söhbətləri ilə böyümüşəm. Əmimin yarımçıq qalmış arzularını tamamlamaq, atamın şərəfli yolunu davam etdirmək üçün bu formanı geyindim. Bu, bir vətəndaşlıq borcu ilə yanaşı, mənəvi varislik məsələsidir".

Artıq 18 ildir ki, gizir Əkbər Əliyarov Azərbaycan Ordusunun sıralarında xidmət edir. Bu illər təkcə zaman ölçüsü deyil, həm də Vətənə sədaqətlə dolu bir yoldur.

Əkbər Əliyarovun xidmət yolu Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan tarixi mübarizənin real izlərini daşıyır. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak edib, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Əliyarovlar ailəsində Vətən anlayışı irs kimidir. Bir nəsil döyüşüb, biri şəhid olub, digəri bu gün də xidmətini uğurla davam etdirir.

Atanın veteranlıq həyatı, əminin şəhidlik zirvəsi və Əkbər Əliyarovun uzunmüddətli hərbi xidməti göstərir ki, bu ailədə torpaq sevgisi sözlə deyil, əməl ilə sübut olunur.

Bu, tək bir hərbi qulluqçunun taleyi yox, minlərlə ailənin ümumi igidlik salnaməsidir.

Cəmiyyət çox zaman qəhrəmanlığı döyüş səhnələri ilə ölçür. Halbuki ordunun gücü məhz səngərdə dayanan, məsuliyyəti çiyinlərində daşıyan səssiz fədakarların hesabına formalaşır. Onlar gecə-gündüz bilmədən sülhün keşiyində dayanır, sabitliyin görünməyən sipəri olurlar.

Gizir Əkbər Əliyarovun həyatı bir insanın taleyindən daha artıq məna daşıyır. Bu həyat mübarizəsinin ailə yaddaşına çevrildiyi, xidmətin şərəf sayıldığı, torpağın qorunduğu bir fəlsəfədir.

Şəhid əminin ruhuna ehtiramla, veteran atanın yoluna sədaqətlə və Azərbaycan Ordusuna sarsılmaz bağlılıqla davam edən bu xidmət yolu gələcək nəsillər üçün nümunə məktəbidir. Belə oğullar var olduqca Azərbaycan güclü olacaq, torpaqlarımız əmin əllərdə qorunacaq, Zəfər ruhu daim yaşayacaq.

Eltun Məmmədov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin