Ordu.az xəbər verir ki, bu barədə “The Catholic World Report” yazıb.
“Reallıq ondan ibarətdir ki, hökumət tərəfindən Erməni Apostol Kilsəsinə qarşı bir ildən artıq əvvəl başlanan kampaniya bu gün də davam edir”, - deyə səfir Alberto Fernandes fevralın 26-da Kapitoli təpəsində Milli Müdafiə Alyansı tərəfindən təşkil olunan brifinqdə bildirib.
“The Catholic World Report” qeyd edib ki, dinləmələr vitse-prezident Cey Di Vensin Ermənistana tarixi səfərinə və Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı davam edən təzyiqlərinin nəticələrinə həsr olunub. Bu tədbirlər son vaxtlar kilsə rəhbəri II Qaregin katolikosuna qarşı irəli sürülən ittihamı, bir neçə yepiskopun həbsini və onların ölkədən kənara səfərlərinə məhdudiyyətlərin qoyulmasını da əhatə edib.
Fernandes katolikosun Erməni Apostol Kilsəsi rəhbərlərinin qlobal sammitində iştirak etmək üçün Avstriyaya getməsinə qoyulan qadağanı “daha böyük diqqət cəlb etməli hadisə” adlandırıb.
Paşinyanın katolikos üçün tətbiq etdiyi məhdudiyyətlər Üçmüədzin kilsəsinin 2025-ci il dekabrın 10-12-nə planlaşdırılan görüşü təxirə salaraq onu xaricdə keçirmək qərarından sonra tətbiq edilib. Yerli KİV-lərin məlumatına görə, buna səbəb “ruhani şəxslərə qarşı repressiyalar” olub.
Fernandes Paşinyan hökumətini Apostol Kilsəsinə qarşı kampaniyanı dayandırmağa çağırıb: “Onlar iki stulda otura bilməzlər, bir tərəfdən liberal Qərbin bir hissəsi olmaq və amerikayönlü olduqlarını bəyan edib, digər tərəfdən isə Əsədin Suriyadakı rejiminin, yaxud istənilən başqa diktatorun dini standartlarını təkrarlaya bilməzlər”.
Fernandes, həmçinin qeyd edib: “Açıq-aşkar fundamental ziddiyyət var və bu həll olunmalıdır”.
Fernandes xəbərdarlıq edib ki, Paşinyanın Apostol Kilsəsinə qarşı sərt yanaşması “rejim və hökumət üçün təhlükə yaradır”.
“Kilsələrə və ya dini təşkilatlara verilən azadlıqlarla digər azadlıqlar, söz və vicdan azadlığı arasında aydın və birbaşa əlaqə var. Mən elə bir vəziyyət bilmirəm ki, rejim dini qurumları təqib etsin, amma eyni zamanda dünyəvi tənqidə, siyasi müxalifətə və ya istehzaya açıq və həssas qalsın... Bunlar bir-biri ilə bağlıdır” - deyə o bildirib.
Diplomat, həmçinin qeyd edib: “Dini hakimiyyətlərdən gələn tənqidi eşitmək istəməyən rejimlər adətən mediadan və dünyəvi tənqidçilərdən gələn tənqidi də eşitmək istəmirlər”.
“Christian Solidarity International” təşkilatının prezidenti Con Eybner Tramp administrasiyasını “Erməni Apostol Kilsəsini bu təqiblərdən qorumaqla güc və prinsipial mövqe nümayiş etdirməyə, bununla da dünyanın ilk xristian xalqının sağ qalmasına töhfə verməyə” çağırıb.
“EWTN News”a müsahibəsində Eybner bildirib ki, Ermənistan prezident Donald Trampın vasitəçiliyi ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında əldə olunmuş razılaşmaya baxmayaraq, “son dərəcə həssas vəziyyətdədir”. Onun sözlərinə görə, razılaşma hələ yekun şəkildə bağlanmayıb və sülh danışıqları aparılsa da, hələ təmin olunmayıb.
Yaxınlaşan seçkilər fonunda Eybner qeyd edib ki, Paşinyan özünü “sülh adamı” kimi təqdim edir və bildirir: “Əgər mənimlə gəlməsəniz, müharibə olacaq”. Bu, qismən Paşinyanın Trampın dəstəklədiyi sülh planında iştirak etməsi ilə bağlıdır.
“Bir çox siyasi problemlər var. Müxalifət üzvləri həbsxanalardadır. Düşünürəm ki, Paşinyan özünü çox inamlı hiss edir, çünki onun yenidən seçilməsi indicə [Vens tərəfindən] təsdiqləndi və bu, ABŞ-nin dəstəyini göstərir”, - deyə Eybner bildirib.
Eybner, həmçinin deyib: “Avropa İttifaqı Rusiya dezinformasiyasına qarşı mübarizə bəhanəsi ilə onun yenidən seçilməsini dəstəkləmək üçün vəsait yatırır, amma əslində bu, onun seçki kampaniyasına dəstək məqsədi daşıyır”.
Eybner qeyd edib ki, Paşinyan özünü sülhün yeganə alternativi və ya yeganə imkanı kimi təqdim edir və bu, erməni ictimaiyyətində rezonans doğurur: “Bir tərəfdən insanlar milli ənənələrini, kilsələrini, sərhədlərini və muxtariyyətlərini qorumaq istəyirlər. Digər tərəfdən isə müharibə ilə hədələnirlər”.
Onun sözlərinə görə, nəticə etibarilə ABŞ və Ermənistan üçün əsas sual ondan ibarətdir ki, imzalanacaq hər hansı sənədin real şəkildə icra olunacağına dair zəmanət varmı?
Alpər Mövludoğlu
Ordu.az