Fransanın yeni nüvə mühərrikli “De Grasse” sualtı qayığı ilk dəniz sınağına çıxıb

2026/02/1772173126.jpg
Oxunub: 377     10:16     27 Fevral 2026    
Fransada yerləşən müdafiə sənayesi şirkəti “Naval Group” tərəfindən inşa edilən dördüncü “Barracuda” sinfinə məxsus nüvə hücum sualtı qayığı “De Grasse” fevralın 24-də ilk dəniz sınağına çıxıb.

Ordu.az xəbər verir ki, şirkət platformanın bu il ərzində Fransa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsinin planlaşdırıldığını bildirib.

“Naval Group” açıqlamasında qeyd edib: “SSN “De Grasse” ilk dəniz sınağını uğurla icra etdi. Sualtı qayıq təhvil öncəsi genişmiqyaslı performans sınaqlarından keçiriləcək”.

Körpü sınaqlarından sonra dəniz mərhələsi başladı

“De Grasse”in dənizə çıxışı 2025-ci ilin may ayında suya buraxılmasından sonra aparılan körpü sınaqlarını izləyib. 2025-ci ilin dekabr ayında nüvə reaktoru işə salınıb.

Yığım anqarında, quru və su ilə doldurulmuş hovuzlarda həyata keçirilən sınaqlarda gəmi üzərindəki sistemlərin yoxlanışı aparılıb. Bu mərhələ açıq dəniz sınaqlarından əvvəl kritik təhlükəsizlik və inteqrasiya mərhələsi kimi xarakterizə olunur.

“Barracuda” proqramında dördüncü platforma dənizdə

“De Grasse”in ilk səfəri Fransanın “Barracuda” proqramı çərçivəsində mühüm mərhələ kimi qiymətləndirilir. Proqram çərçivəsində daha əvvəl üç sualtı qayıq xidmətə qəbul edilib:

SSN “Suffren” - 2022-ci ilin iyun ayı
SSN “Duguay-Trouin” - 2024-ü ilin aprel ayı
SSN “Tourville” - 2025-ci ilin iyul ayı


Seriyanın son iki sualtı qayığı SSN “Rubis” və SSN “Casabianca”nın inşası davam edir. Təhvilin onilliyin sonuna qədər tamamlanması planlaşdırılır.

Proqram Fransanın Müdafiə Təchizatı Agentliyi olan “Direction générale de l’armement”in koordinasiyası ilə həyata keçirilir. Nüvə hərəkət sistemi isə “Commissariat à l’énergie atomique et aux énergies alternatives” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. “Naval Group” layihələndirmə və inşayla yanaşı, əsas nüvə komponentlərini “TechnicAtome” ilə birlikdə istehsal edir.

2060-cı ilə qədər xidmət hədəfi

30 ildən artıq planlaşdırılan xidmət müddəti ilə “Barracuda” sinfinin Fransanın sualtı qüvvələrinin ən azı 2060-cı ilə qədər əsas elementlərindən biri olması gözlənilir. Proqram çərçivəsində təxminən 2 500 nəfər çalışır. Onların 800-ə yaxını subpodratçı heyətdir.

Şirkət proqramın məqsədini “mövcud və gələcək əməliyyat tələblərinə uyğun, yüksək qabiliyyətli sualtı qüvvə formalaşdırmaq” kimi müəyyən edir.

Artırılmış atəş gücü və tapşırıq çevikliyi

“Barracuda” sinfinə məxsus sualtı qayıqlar əvəz etdikləri “Rubis” sinfi ilə müqayisədə daha yüksək atəş gücü və qabaqcıl tapşırıq çevikliyi təqdim etmək üçün layihələndirilib. Platformalar MBDA istehsalı olan dəniz bazalı qanadlı raketlər və SM39 gəmi əleyhinə raketlər, həmçinin “Naval Group” istehsalı F21 ağır torpedoları ilə silahlandırılır.

Sualtı qayıqlarda həmçinin Xüsusi Təyinatlı Qüvvələrin gizli yerləşdirilməsinə imkan verən sistemlərin mövcud olduğu bildirilir.

Texniki xüsusiyyətlər və hərəkət sistemi

Hər bir “Barracuda” sinfinə məxsus sualtı qayığın suüstü subasımı qabiliyyəti 4 700 ton, sualtı subasımı qabiliyyəti isə 5 200 tondur. Platformanın uzunluğu 99 metr, diametri 8,8 metrdir. Heyət 63 nəfərdən ibarətdir və komando bölmələri də yerləşdirilə bilər.

Hərəkət sistemi “Triomphant” sinfinə məxsus sualtı qayıqlarda və “Charles de Gaulle” platformasında istifadə olunan təzyiqli su reaktorlarının bazası əsasında hazırlanmış nüvə reaktoruna əsaslanır. İllik 270 günü aşan əməliyyat əlçatanlığı səviyyəsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   De-Grasse  


Bizi "telegram"da izləyin