Ordu.az xəbər verir ki, bu barədə bu gün İrəvanda Qorçakov Fondu tərəfindən təşkil olunmuş “Avrasiya dialoqu-Ermənistan” beynəlxalq analitik proqramının təqdimatı zamanı rusiyalı politoloq Sergey Markedonov bildirib.
Onun sözlərinə görə, 2022-ci ilə qədər Rusiya ilə Qərbin Ermənistan-Azərbaycan nizamlanması məsələsində mövqeləri prinsipial ziddiyyət daşımırdı. “Qərb istəmirdi və qabağa düşərək deyim ki, indi də istəmir ki, sizin problemlərinizə real şəkildə qarışsın və regionun yenidən qurulmasına, eləcə də bunun nəticələrinə görə məsuliyyət götürsün. Onlar üçün bu, sadəcə İran, Türkiyə və Yaxın Şərqlə daha geniş əlaqələrin bir hissəsidir. Bunlar regionun qavranılmasına fərqli baxış bucaqlarıdır”, - deyə Markedonov vurğulayıb.
Onun fikrincə, məhz buna görə Qərb ölkələri faktiki olaraq danışıqlar prosesində aparıcı rolu Moskvanın oynamasına imkan verirdilər və hesab edirdilər ki, bu istiqamət ciddi siyasi dividendlər gətirməyəcək. Eyni zamanda, uğursuzluq baş verərsə, məsuliyyət Rusiyanın üzərinə qoyula bilərdi.
“Vəziyyət 2022-ci ildə dəyişdi. Əgər həmin vaxta qədər Rusiya ilə Qərb arasında münasibətlər ayrı-ayrı regionlarda seçici rəqabət və əməkdaşlıq modeli əsasında qurulurdusa, 2022-ci ildən sonra Moskva sistemli rəqib kimi qəbul olunmağa başladı. Ukrayna məsələsi Qərbi səfərbər etdi və bir çox baxımdan birləşdirdi. Tam birlikdən danışmaq hələ tezdir, lakin birləşmə səviyyəsi əvvəlki dövrlə müqayisədə xeyli yüksəkdir. Qafqazda, o cümlədən Ermənistan-Azərbaycan nizamlanması sahəsində Qərb bizim üçün həm rəqibə, həm də qarşı tərəfə çevrilib”, - deyə rusiyalı politoloq qeyd edib.
Onun qiymətləndirməsinə görə, əsas məqsədlərdən biri regionda Rusiyanın rolunu azaltmaqdır. Bu kontekstdə ekspert Ermənistan rəhbərliyinin 2022-ci ildə Qarabağı rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanıması qərarını xatırladıb. O, bildirib ki, bu addımı atmağa Ermənistanı Qərb ölkələri, xüsusilə Fransa fəal şəkildə təşviq edib.
Əlavə amil kimi Markedonov Ukrayna istiqamətindəki mürəkkəb vəziyyəti göstərib. “Bu fonunda İrəvanda xarici siyasətin diversifikasiyası ideyaları güclənib”, - deyə politoloq vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az