Vaşinqtonun Vasitəçilik Dilemması: Rusiya ABŞ-ni Niyə “Tam Neytral” Tərəf Hesab Etmir?

2026/06/1782552483.jpg
Oxunub: 305     13:26     27 İyun 2026    
Rusiya ABŞ-ni Ukrayna məsələsində “tam neytral” tərəf hesab etmir. Bu barədə TASS agentliyinin müxbirinə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində ötən il avqustun 15-də Ankoricdə keçirilən Tramp-Putin görüşünə toxunaraq açıqlayıb ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkof Moskvaya səfər edib.

Lavrov jurnalistlərə bildirib ki, Tramp-Putin danışıqlarında Uitkof da iştirak edib və Rusiya Prezidenti Moskvada Uitkofun ABŞ-nin Ukrayna nizamlanması ilə bağlı təklifləri kimi təqdim etdiyi fikirləri sözbəsöz təkrarlayıb, sonra isə “bu ideyaları düzgün xatırlayıb-xatırlamadığını” soruşub və “hər bir suala müsbət cavab alıb”.

Beləliklə, Rusiyanın xarici işlər naziri ABŞ dövlət katibinin əvvəlki gün Bəhreyndə verdiyi açıqlamaya cavab verib. ABŞ dövlət katibi bildirmişdi ki, Ankoricdə “heç bir razılaşma olmayıb, yalnız ideyalar olub. Əgər razılaşma əldə olunsaydı, müharibə başa çatmış olardı”.

Lavrov Vaşinqtona öz mövqeyinə “aydınlıq gətirməyi” təklif edib. Həmin gün Krım və Sevastopolda “yerli əhəmiyyətli fövqəladə vəziyyət” elan olunub. Ukrayna mənbələri bildiriblər ki, Prezident Zelenski “40 günlük hərbi əməliyyat planını təsdiqləyib”.

2026-cı il iyunun 26-sı səhər saatlarında Krımdan çıxmaq istəyən 2500 avtomobil növbədə olub. Yarımadanın faktiki hakimiyyəti sentyabr ayınadək uşaq düşərgələrinin fəaliyyətini də dayandırıb.

Ukrayna Prezidentinin hansı planı təsdiqlədiyi barədə hər hansı təfərrüat məlum deyil. Ukrayna mətbuatı və “Telegram” kanalları “Krımın azad edilməsinin başlandığını” ehtimal edirlər.

Ukrayna ordusunun belə genişmiqyaslı əməliyyatlar keçirmək imkanına malik olub-olmadığını demək çətindir. Lakin yarımadanın logistika “mühasirəsi davam edərsə”, ehtimal olunur ki, Rusiya “qoşunların hazırkı təmas xətti üzrə atəşkəs təklifinə razılıq verəcək”.

Rusiyanın xarici işlər naziri Lavrovun fikrincə, “mövcud fikir ayrılıqlarına baxmayaraq, ABŞ Prezidentinin son bəyanatları onun vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğu təəssüratı yaradır”. Görünür, Ukrayna məsələsi ilə bağlı müəyyən proqnozlar Ankarada keçiriləcək NATO sammitindən sonra mümkün olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin