Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin maliyyə-kredit və büdcə məsələləri daimi komitəsinin iclasında Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Su Komitəsinin sədri Aramazd Qalamkaryan bildirib.
Açıqlama “Ermənistanın su təchizatı və suvarmanın yaxşılaşdırılması proqramı: Mərhələ 1” kredit sazişinin ratifikasiyası layihəsinin müzakirəsi zamanı səsləndirilib. Saziş Ermənistan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanıb.
Sənədin əsaslandırmasında qeyd olunur ki, 2025-ci il sentyabrın 11-də və 18-də tərəflər müvafiq kredit sazişini imzalayıblar. Sazişə əsasən, Bank proqramın maliyyələşdirilməsi üçün Ermənistana 70,4 milyon avro ayırmağı öhdəsinə götürüb. Ermənistan hökuməti isə proqramın icrası ilə bağlı vergiləri, rüsumları, əməliyyat xərclərini və kredit vəsaiti hesabına maliyyələşdirilməyən digər xərcləri birgə maliyyələşdirməyi öhdəsinə götürüb.
“Sözügedən kredit sazişinin qüvvəyə minmə müddəti imzalanma tarixindən etibarən 180 gündür, proqramın icra müddəti isə 5 ildir və sənəd qüvvəyə mindiyi gündən hesablanır. Birgə maliyyələşdirmə sazişinin qüvvəyə minmə tarixi 2026-cı il martın 31-idir”, - deyə Qalamkaryan izah edib.
Proqram aşağıdakı əsas komponentlərdən ibarətdir:
– su sektorunda islahatlar, kənd yerlərində iqlimə davamlı suvarma və su təchizatı sistemlərinin, eləcə də kanalizasiya sahəsinin institusional gücləndirilməsi,
– kənd yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması,
– suvarma infrastrukturunun modernizasiyası və sistemlərin idarə olunması,
– proqramın idarə edilməsi.
Həmçinin proqramın Fransız İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilməsi də gözlənilir.
Proqramın icrası nəticəsində iqlimə davamlı suvarma və su təchizatı sistemlərinin tətbiqi, bunun da iqtisadi artıma, ərzaq təhlükəsizliyinə və ərazilərin balanslı inkişafına töhfə verməsi nəzərdə tutulur.
Uzun müzakirələrdən sonra təşəbbüs Ermənistan parlamentinin daimi komitəsi tərəfindən müsbət rəy alıb. Məsələ sürətləndirilmiş prosedurla müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az