Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nikol Paşinyan çıxış edərək Ermənistanla Azərbaycan arasında əldə edilmiş sülhə toxunub.
O bildirib ki, sülh arxitekturası 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır və sülh prosesi öz zirvə nöqtəsinə avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidentinin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistan və Azərbaycan arasında sülh çərçivəsi haqqında birgə bəyannamənin imzalanması ilə çatıb.
Paşinyanın sözlərinə görə, ABŞ Prezidentinin iştirakı, şəxsi cəlb olunması və təşəbbüsü olmasaydı, sülh prosesi qeyri-müəyyən qalardı və birmənalı şəkildə demək olar ki, ABŞ Prezidentinin təşəbbüsü və iştirakı regionda sülh üçün çox mühüm rol oynayıb.
“İndi xüsusi olaraq qeyd etmək çox vacibdir ki, 2025-ci il müstəqilliyimizdən etibarən ilk il oldu ki, Ermənistan və Azərbaycan qoşunları arasında atışmalar səbəbilə sərhəddə həlak olanlar olmadı. Hazırda regionumuzda real sülh mövcuddur”, - deyə Nikol Paşinyan vurğulayıb.
O qeyd edib ki, sülh quruculuq mərhələsindədir və ona qayğı göstərilməlidir. “Mənim xalqımıza çatdırmağa çalışdığım əsas fikir budur ki, indi sülh var, lakin bu sülh möhkəmləndirilməli, institusionallaşdırılmalı və bunun üçün davamlı səylər göstərilməlidir. Çünki sülh mövcuddur, amma ona biganə yanaşmaq olmaz, əks halda o məhv ola bilər”, - deyə Ermənistan Baş naziri bildirib.
Paşinyan regionda sülhün bərqərar olması üçün mühüm mərhələlərdən də danışıb. O cümlədən, 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti ilə keçirilmiş görüşü qeyd edib. Paşinyanın fikrincə, həmin görüşlə Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanımaq qərarı veriblər.
Çıxışında Ermənistan Baş naziri əldə edilmiş razılaşmaların icrası istiqamətində görülən işlərə də toxunub, strateji investisiya layihəsi olan “Tramp yolu” (Zəngəzur dəhlizi-red.), regional kommunikasiyaların açılması məsələsindən danışıb. “İndi nəyin baş verəcəyini qeyd etmək çox vacibdir, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” nədir? Dediyim kimi, bu, Ermənistan ərazisində həyata keçiriləcək investisiya layihəsidir və Ermənistan ərazisindən keçən dəmir yolunu əhatə edəcək. Bu dəmir yolu şərqlə qərbi birləşdirəcək, o cümlədən Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirəcək və Ermənistan üçün cənuba doğru dəmir yolu bağlantısını açacaq. Şübhəsiz ki, bu layihə Avropa İttifaqı üçün də yeni imkanlar yaradacaq, çünki məlumdur ki, mövcud geosiyasi vəziyyətə görə dünyada tədarük zəncirləri böhranı yaşanır. Ermənistan hökumətinin “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinin mühüm tərkib hissəsi olan Tramp yolu şərqdən qərbə, Avropa İttifaqından Mərkəzi Asiyaya və Mərkəzi Asiyadan Avropa İttifaqına yeni yol, yeni tədarük marşrutu yaradacaq”, - deyə Paşinyan bildirib.
O, çıxışında Ermənistan-Türkiyə münasibətlərinə də toxunaraq vurğulayıb ki, son illərdə Türkiyə ilə kifayət qədər aktiv dialoq mövcuddur.
“Əlbəttə, biz qonşularımıza da minnətdarıq, çünki xüsusi olaraq qeyd etmək vacibdir ki, qonşularımız Gürcüstan və İran bu sülh prosesini daim dəstəkləyiblər”, - deyə Paşinyan bildirib və qeyd edib ki, regionun bütün dövlətləri artıq sülhün faydalarını hiss edir. O, bu prosesin bütün regionu barışdıracağına əminliyini ifadə edib.
Sözünü yekunlaşdıran Ermənistan Baş naziri qeyd edib: “Biz hamımız Cənubi Qafqazı öz evimiz hesab edirik və Cənubi Qafqaza qayğı göstərməliyik. Mən əminəm ki, bu proses artıq başlanıb və səmimi desəm, mənim təəssüratım və inamım budur ki, bu sülh və bu konstruktiv proses geri dönməzdir”.
Daha sonra Paşinyan Polşada akkreditə olunmuş xarici səfirlərin, diplomatların və analitik mərkəzlərin nümayəndələrinin suallarını cavablandırıb.
Alpər Mövludoğlu
Ordu.az