Ermənistan MSK Konstitusiya Məhkəməsində mövqeyini təqdim edib

2026/06/1781727247.jpg
Oxunub: 191     14:35     27 İyun 2026    
Ermənistan Konstitusiya Məhkəməsində yeddi siyasi qüvvənin müraciəti üzrə iclas başlayıb. Cavabdeh tərəf qismində çıxış edən Mərkəzi Seçki Komissiyasının mövqeyini komissiya sədrinin müavini Nune Hovannisyan təqdim edir.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edən siyasi qüvvələrin bir hissəsi alternativ olaraq ya seçkilərin ikinci turunun keçirilməsini, ya da mandatların bölüşdürülməsi qaydasına yenidən baxılmasını təklif edir.

Cavabdeh tərəfin çıxışı üçün bir saat yarım vaxt ayrılıb.

Nune Hovannisyan beynəlxalq müşahidə missiyalarının hesabatlarına istinad edərək bildirib ki, səsvermə lazımi qaydada təşkil olunub və vətəndaşların sərbəst seçim hüququ tam təmin edilib. Onun sözlərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyətinin göstəricisidir.

O həmçinin vurğulayıb ki, bu seçkilər görünməmiş nəzarət şəraitində keçirilib və siyasi qüvvələrin təqdim etdiyi bütün sübutlar məhz Mərkəzi Seçki Komissiyasından əldə olunmuş məlumatlara əsaslanır.

Şəffaflığın nümunəsi kimi Hovannisyan seçkilərdən sonra seçicilərin imzalanmış siyahılarının ictimaiyyətə açıqlanmasını göstərib.

Bir saatlıq fasilədən sonra davam edən iclasda inzibati resurslardan istifadə ilə bağlı ittihamlara da toxunulub.

Bu iddiaları rədd edən Hovannisyan bildirib ki, komissiyaya yalnız bir belə hal məlumdur və qanunvericiliklə icazə verilən vəzifəli şəxslərin seçkiqabağı təşviqatda iştirakı heç bir pozuntu hesab edilmir.

O əlavə edib ki, deputatlığa namizəd olmaq hüququ olmayan şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyənləşdirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin